Biz “Qarabağ”a nə üçün “sağ ol” deyirik?
- 24 Avq 2022 10:10
- 1691
“Qarabağ” çətin keçən qarşılaşmada “Viktoriya”ya uduzdu. Bu məğlubiyyətdən sonra çox qarışıq hisslər keçirik. Üzülürsən ona ki, Çempionlar Liqasının qrup mərhələsinin bir addımlığında dayanırsan. Amma təskinlik üçün o da var ki, avrokubok mövsümü “Qarabağ” üçün bitmir, ən azından ilin sonuna qədər Bakıda yüksək səviyyəli oyunlar keçiriləcək, bir-birindən maraqlı daha üç rəqibi paytaxtımızda qonaq edəcəyik. Ümumilikdə isə Azərbaycan çempionu Avropa Liqasının qrup mərhələsində bundan sonra azı 6 oyun keçirəcək. Kim bilir, bəlkə də “köhlən atlar”ın yolu bu il daha uzun oldu, Azərbaycan futbolu tarixinə yeni səhifələr yazıldı.
“Qarabağ” güclənir, səviyyəsini yüksəldir, təcrübəsini artırır. Bu prosesə paralel olaraq da azərbaycanlı azarkeşlərin ondan gözləntiləri çoxalır. Özü də daha sürətli. Bizimkilər tələbkar olmağa başlayırlar. Özlüyündə bunun özü də yaxşı haldı. Bir azarkeşin öz komandasından daim yüksək nəticələr gözləməsi, ondan qələbə tələb etməsi təbii prosesdi. Amma bunun qarşılığında həmin azarkeş də öz növbəsində üzərinə düşəni etməlidi. İllər öncə “Qarabağ”ın fan-şopunun yolu” adlı bir yazım vardı. Azarkeşləri yeni açılan fan-şopa baş çəkməyə, klubun böyüməsinə dəstək verməyə çağırmışdım. Üzərindən illər keçib, biz nəinki fan-şopun yolunu əzbərləyib, ora vaxtaşırı baş çəkirik, heç “Qarabağ”ın ölkə çempionatındakı oyunlarına da getmirik. Klub rəhbərliyi Premyer Liqadakı ev oyunlarına biletin qiymətini 5 manat müəyyənləşdirəndə hər tərəfdən etiraz səsləri, narazılıqlar eşidirdik.
Mən demirəm ki, azarkeşlər hər ay “Qarabağ”ın atributlarını alıb, oyunlarına getsələr komanda Çempionlar Liqasının qrup mərhələsinin daimi iştirakçısına çevriləcək. Di gəl ki, bunu edə bilsək, biz klubun daha sürətlə böyüməsi, iddialarını artırması üçün nəsə etmiş olacağıq. Onsuz da “köhlən atlar” son 9 ildə avrokubokların qrup mərhələsinin daimi iştirakçısıdı. İnanmıram ki, bizə yaxın coğrafiyada oxşar uğurla öyünə biləcək ikinci bir komanda olsun. Futbolun da öz qayda-qanunları var. Uğuru təkcə biz istəmirik, rəqiblərimiz də istəyir. Təkcə biz güclənib, səviyyəmizi artırmırıq, oxşar şeyi onlar da edir. Belə olan halda nəticəni xırda nüanslar həll edir ki, dünən gecə də həmin o nüanslar “Viktoriya”nın xeyrinə oldu.
Dostlarımızdan birinin sosial şəbəkədə yazdığı şərh diqqətimi çəkdi. Təxminən beləydi: “Adam sabah idman mətbuatında məğlubiyyətin səbəblərini oxumağı arzulayacaq, amma saytlara girib görəcəyik ki, “Qarabağ”a “sağ ol” yazıblar”. Bəli, xeyli düşündürücüdü. Kimisi bu təşəkkürü pafosla edir, kimisi də ürəkdən. Tam səmimi sözümdü, “Qarabağ” bizim ona ürəkdən deyəcəyimiz “sağ ol”u haqq edir. Məğlubiyyətin səbəbləri bu günün, dünənin söhbəti deyil. Bu barədə illərlə yazırıq, səbəbləri araşdırırıq. Yenə də edəcəyik. Kimsə bunun əksini iddia etməyə çalışsa, internetin arxivindən onlarla yazı çıxarıb, mövqeyimin haqlı olduğunu isbatlaya bilərəm. Bu futboldu, dostlar. İki oynayandan biri uduzmalıdı. Necə ki, dünən gecə “Srvena Zvezda” öz meydanında qapısına qol vurdu və iki oyunun nəticəsinə görə uduzdu. Məğlubedilməz komanda varmı?
“Qarabağ” Azərbaycan çempionudu, “Viktoriya” Çexiya. Ən azından bu məqama görə Qurban Qurbanovu və onun yetirmələrini asıb-kəsməyə dəyməz. Onlara elə bu yerlərə gəldiklərinə görə, Avropa Liqasının qrup mərhələsinə düşdüklərinə görə “sağ ol” deməyə borcluyuq. Şəxsən mən belə düşünürəm!