"Biz qələbə üçün hər şey edəcəyik"
- 30 May 2024 22:51
- 305
Qızıl Avropa Liqasında mübarizə aparan qadın voleybolçulardan ibarət millimiz hazırlıqları davam etdirir.
Sabah 3-cü turun ilk oyununa çıxacaq komandamızın blokçusu Anastasiya Mertsalova yarışla bağlı fikirlərini bölüşüb:
“Yarışa hazırlıqlarımız yaxşı keçdi. Sloveniyadakı təlim-məşq toplanışında yoxlama oyunları da keçirmək imkanımız oldu ki, bu da qısa vaxtda komandamızın uyğunlaşmasına kömək oldu. Ona görə də biz ilk qarşılaşmaya çox motivasiya ilə çıxdıq. Bu, nəticədə də özünü göstərdi. Növbəti oyunlar isə plan üzrə getmədi. Bildiyim qədər digər komandalar bir heyətlə uzun müddətdir oynayırlar. Bəlkə də bizim çatışmayan cəhətimiz məhz bu amildir ki, son oyunlarda da özünü göstərdi. Çox səhvlər etdik, bu da həlledici anlarda qələbə qazanmağımıza mane oldu.
Qarşıda doğma meydanda Estoniya və Avstriya ilə oyunlarımız var. Bu oyunlar da bizim üçün çox vacibdir. Öz evimizdə yaxşı oynayıb qalib gəlmək və azarkeşlərimizi sevindirmək istəyirik. Biz qələbə üçün hər şey edəcəyik və düşünürəm ki, doğma divarlar da bizə kömək olacaq”.