"Sabah"ın baş məşqçisi Ramin Quliyev Azərbaycan Premyer Liqasının 2-ci turu çərçivəsində "Sumqayıt"a qarşı keçirdikləri oyunu şərh edib.

Rekord.az xəbər verir ki, o, 0:2 hesabıyla məğlub olduqları matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

- Rəqibi təbrik edirəm. Belə deyək, oturuşmuş bir komandaya qarşı oynadıq. Yeni yığılmış bir komandamız var. Yeni yığılmış komandaya gələn yeni oyunçular hələ hazır deyilsə, çətindir. Ehtiyat oyunçular skamyamız da zəif idi. Ancaq bu, məğlubiyyətə bəhanə deyil. Bizə vaxt lazımdır.

- Rəhbərlik istədiyiniz vaxtı sizə verəcək?
- Bu, rəhbərliyin qərarıdır. Vaxt verəcəklər, olacaq, verməyəcəklər, olmayacaq. Bu haqda nəsə deyə bilmərəm.

- İlk hissədə komandanın hücum xətti ilə yarımmüdafiə arasında əlaqə yox idi. Futbolçular bir-birindən çox aralı oynayırdı. Bu, əvvəlcədən planlanlaşdırılmışdı?
- Bizi buna rəqib məcbur edir. Çünki rəqib müdafiədə yaxşı oynayır və əks-hücumlara da yaxşı çıxa bilir. İkinci qoldan sonra rəqib daha rahat oldu. "Sumqayıt" yaxşı təşkilatlanmış komandadır. Uzun müddətdir bir yerdə oynayırlar. Bu, oyunda da hiss olundu.

- Yeni transferlər olacaq?
- Gedənlər çoxdur, gələnlər az. Problemimiz odur ki, gələnlərdən də istifadə edə bilmirik. Sebalyosun hələ sənədləri hazır deyil. Əsas heyətimizin 5 futbolçusu oynamırdı. Yeni transferlər ola bilər. Qarşıda vaxtımız var. Milli komandaların oyunları ilə bağlı da fasilə olacaq. Yenə də biz tam komanda şəklində məşq edə bilməyəcəyik.

- Sebalyosun sənədlərinin hazır olmamasının səbəbi nədir? Günah kimdədir?
- Rəhbərlikdə günah yoxdur. Sadəcə, kiçik problemlər var. Son klubları ilə kiçik məsələlər var və futbolçunu sifariş edə bilmirik.

- Ötən mövsüm də "Sabah" iddiaçılar arasında idi. Ancaq nəticə fərqli oldu.
- Bu heyət mütləq şəkildə avrokuboklarda olacaq. Heyətimiz bunu deməyə imkan verir. Mən olsam da, olmasam da bu, belə olacaq. Biz hələ komandanı tam şəkildə bir yerə yığa bilməmişik. (komanda.az)