“Futbolsuz yaşamaq çox çətin imiş. Mən bunu illərlə ömrünü-gününü futbola həsr edən bir şəxs, əməkdar məşqçi kimi deyirəm”. 

Rekord.az xəbər verir ki, bu sözlərin müəllifi Azərbaycan futbolunda “Mamed müəllim” kimi tanınan Məhəmməd Məmmədovdu. Uşaqlığından həyatını futbola bağlayan sabiq qolkiper “Kəpəz”də oynayıb, elə indi də məşqçi qismində fəaliyyətini doğma klubunda davam etdirir. 

Koronavirus pandemiyası ilə bağlı Məmmədov sevimli peşəsindən ayrı düşüb. Yalnız müvafiq icazə sənədi ilə özünə doğma məkan saydığı stadiona gəlib gedə bilir:

“Sən demə bizi saxlayan elə futbol imiş. Sağlam qalmağımızın, xoşbəxt görünməyimizin səbəbkarı bu idmandı. Sizi inandırım ki, bu sahədə çalışan insanlar üçün çox çətindi. Çünki həyatmızı futbola həsr etmişik. Futbolçu yetişdirə bilməsək də, xalqın övladlarının sağlamlığının keşiyində durmuşuq. Nə etmək olar, qərar tək bizə yox, hamıya aiddi”.

Meydansız, məşqsiz qalan əməkdar məşqçi telefon vasitəsi ilə yetirmələrinə tapşırıqlarını verir:

“Qruplarda olan uşaqların valideynləri ilə hər zaman təmasdayıq. Ev tapşırıqları veririk, yüngül fiziki hərəkətləri yerinə yetirməyi, topla oynamağı tövsiyyə edirik. Açığı, yetirmələrim üçün çox darıxmışam. Çünki həftənin 7 günü onlarla bir yerdə olmuşuq, məşqlər, oyunlarda görüşmüşük. İndi hardasa 2 aya yaxındı ki, bundan məhrumuq. Əziyyət çəkirik, evdə oturmaqla mümkün deyil. Stadion mənim ikinci evimdi. Bəzən uşaqlarla telefonla danışıram, şəkillərinə baxıram. Yəqin ki, belə getməyəcək. Yaxınlarda idman qurğuları yenidən istifadəyə veriləcək. Onda itirdiyimiz ayları sığortalamağa çalışacağıq. Dövlət tərəfindən qoyulmuş qayda-qanunlara əməl etmək lazımdı. Bütün bunlar bizim sağlamlığımız üçündü”.