Futbol üzrə Azərbaycan milli komandası Avropa Çempionatının seçmə mərhələsində səfərdə növbəti oyununu keçirdi. Rəqib Macarıstan millisi idi. Komandamız hakim ucbatından bir xalından məhrum oldu.

Belə ki, oyunda erkən qol buraxan millimiz 90+3-cü dəqiqədə Bəhlul Mustafazadənin təmiz qolu ilə hesabı bərabərləşdirsə də, görüşün hollandiyalı hakimi Dennis Hiqler qolu qeydə almayıb. Referi topun oyunçumuzun əlinə dəydiyi barədə qərar verib. Lakin o, qarşılaşmanın ardından mübahisəli epizodun videosuna baxdıqdan sonra baş məşqçi Nikola Yurçeviçə yaxınlaşıb. Hiqler B.Mustafazadənin qolunu saymamaqla səhvə yol verdiyini boynuna alıb və üzrxahlığını çatdırıb.

Oktyabrın 14-də bir qrup azərbaycanlı azarkeş Bakıda Niderland səfirliyinin binası qarşısında etiraz aksiyası keçirib.

Onlar Azərbaycan milli komandasının Avro-2020-nin seçmə mərhələsində Macarıstana hollandiyalı hakim Dennis Yohan Hiqlerin yanlış qərarı ilə uduzmasına etiraz edib. Fanatlar “Azərbaycan, Azərbaycan” şüarı səsləndirib, pankartlar açıblar. Azarkeşlər bildirib ki, Azərbaycana qarşı olan ədalətsizlik hamımıza qarşı olan ədalətsizlikdir.

Pankartlarda “Xalımızı geri qaytar”, “Futbol siyasət deyil”, “Qolu vermədiyiniz üçün, ”çox sağ ol", “Niderland pendirinə hə, niderland hakiminə yox”, “Ədalətsiz qərar” yazılıb.

Niderland səfirliyi etirazlara reaksiya verməyib.

B.Mustafazadə isə vurduğu qolun qeydə alınmamasına bu cür şərh verib: “Həmin epizodda top əlimə dəyməmişdi. Qol ləğv ediləndə, elə bildim ofsayddır. Ancaq sonra gördüm ki, əl ilə oyun qeydə alıb. Baş hakimin səhvə yol verdiyini bilirdim. Amma əlimizdən bir şey gəlmirdi. Referi artıq qərarını vermişdi”.

Baş məşqçimiz Nikola Yurçeviç: “Matçdan sonra 50-dək mesaj almışam. Bütün macarıstanlı jurnalistlər təmiz qolumuzun verilmədiyini bildirirlər. İnanılmaz səhv idi. Ən çox oyunçularıma görə üzülürəm. Onların əziyyəti yerə vuruldu ”.

Sabiq FİFA referisi Tahir Süleymanov hesab edir ki, Azərbaycan Slovakiyanın qurbanı olub. O, sosial şəbəkədə  paylaşdığı statusda macarların Azərbaycanla oyundan öncə Slovakiyaya hakim səhvləri ilə uduzdurulduğunu qeyd edib və bu səhvlərə görə macarların “könlünü almaq üçün” təmiz qolumuzun hesaba alınmadığını diqqətə çatdırıb.

Artıq Azərbaycan tərəfdən AFFA-nın aidiyyəti beynəlxalq qurumlara şikayət etməsi yönündə çağırışlar səslənməyə başlayıb. Tanınmış simalar, futbol şərhçiləri bu səhvə görə hakimin cəzalandırılmasını tələb edirlər.

Kənan Məstəliyev ile ilgili görsel sonucu

Rekord.az saytının baş redaktoru Kənan Məstəliyev bir xalın vacibliyinə toxundu: “Azərbaycan yığması bir İspaniya, bir Fransa, ya bir Rusiya, ya da bir Türkiyə deyil ki, qazanılmayan bir xala görə yaranan boşluğu növbəti oyunlarda aradan qaldıra bilək, ən azından bunu etməyə böyük imkanlarımız olsun. Bir az qəribə səslənsə də, biz Azərbaycanıq. Az qala əbədi autsayderik, milli komandalarımız daima reytinq sıralarının sonlarına yaxın pillələrdə qərarlaşır. Yəni bizim üçün 1 xal elə 10 xal kimi bir şeydi. Ona görə də nə qədər pis oynasaq da, xanamıza yazılacaq bir xal bizim üçün böyük əhəmiyyət daşıyır. Qeydə alınmayan qol rəsmən qalmaqaldı. Hakimlərin bu böyüklükdə səhvə yol verməsinə heç bir izah yoxdur. O topun əllə vurulmadığını hər kəs gördü. Hakim də, rəqib futbolçular da, tamaşaçılar da. Bunu qərəz adlandırmaq çox asandır, amma adam başqa fikri səsləndirə də bilmir. Bəli, hakim də insandır, o da səhv edə, görməyə bilər. Amma... Əmması mütləq ki, var bu işin. Odur ki, üzr istəsə belə, bu qərarı hakimin, onu buna məcbur ediblərsə, edənlərin vicdanına yazaq. Oyuna gəlincə, son saniyələrdəki sayılmayan qolumuz əslində çox zəif oyunumuzun ”üstünü örtdü". Heç kəs baş məşqçinin səhv start heyəti seçimi, oyuna gec müdaxilə etməsindən, bu yenilgiyə səbəb olan məqamlardan yazmır. Elə bil bunların heç biri olmayıb. Oyundan öncə milli komandanı 5200 km Bakıdan Manamaya Bəhreynlə yoldaşlıq görüşünə, oradan da Budapeştə yormağa, Bakıda 20 dərəcə istidən Bəhreyndə 30 dərəcə istiyə, sonra yenə Macarıstanda 18-19 dərəcə istiyə qaytarmağa, isti-soyuğa salıb, bəzi futbolçuların həm yorulmasına, həm də sağlamlıq problemləri yaşamasına nə gərək vardı? Bu planı kim fikirləşibsə, cavab verməlidir. Üstəlik, bu uzunluqda yolu gedib sınaqdan keçirdiyiniz heyət və sistem uğurlu alınıbsa, həmin oyun niyə dünənki oyunda tətbiq olunmadı?

Yurçeviç yoxlama görüşündə nəyi yoxlamışdı, yoxlamışdısa da, niyə tətbiq etmədi? Suallar çoxdur. Start heyətində Təmkin Xəlilzadənin yarımmüdafiədə yer alması, həm müdafiəyə kömək, həm də əks-hücumda effektli oyun olaraq fikirləşilmişdi. Amma düşünülməmişdi ki, yalnız cinahların gücü ilə əks-hücum, oyun qurulmur. Bunun üçün orta xəttin digər sektorları da effektiv olmalıdır. Yurçeviç səhvə yol verdiyini yalnız ikinci hissənin sonlarında anladı və müvafiq əvəzetmələrlə müdaxilə edərək oyunu az da olsa, düzəltdi. Qol da bunun nəticəsində gəldi. Ümumilikdə baxanda isə komanda qələbə üçün heç nə etmədi, buna layiq bir oyun nümayiş etdirə bilmədi. Düzü, rəqibin də nəsə fantastik bir şeylər etdiyini demək olmaz, ancaq ən azından bəlli bir oyun fəlsəfəsi ilə meydana çıxaraq xal qazandılar. O ki qaldı, o qolu vurub xal qazansaydıq, nə dəyişəcəkdik sualına, cavabım “heç nə”dir. Heç nə dəyişməyəcəkdi. Ölkə futbolu bərbad gündədir, hər gün daha da bərbadlaşmağa doğru gedir. Bu, xoş olmayan gedişatın qarşısını almalı olanların adları, kimlikləri bəllidir. Oturub səhvlərini analiz etməli, nəticə çıxartmalıdılar".

Cavanşir ABBASLI, “Yeni Müsavat”