Serbiyada keçirilən ISF U15 Gimnaziada İdman Oyunlarında boksçuların mübarizəsinə yekun vurulub.


Rekord.az xəbər verir ki, yarışın sonuncu günündə Azərbaycan millisi daha 4 qızıl və 3 gümüş medal qazanıb.


Komandamızın heyətində Nəsrin Abdullazadə (38 kq) finalda Lyudmila Vasilçenkoya (Ukrayna), Tunca Mürşüdova (40 kq) Yelizaveta Kalişçuka (Ukrayna), Xumar Cəfərli (Azərbaycan) Valeriya Bazilyuka (Ukrayna) və Babək Abdullayev (40 kq) Andrey Çaşuya (Rumıniya) qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.


Həlledici görüşdə məğlub olan İsmayıl Aslanlı (50 kq), Sabir Rüstəmov (57 kq) və Kəmalə Həsənova (54 kq) gümüş medalla kifayətləniblər.


Beləliklə, Gimnaziadada 22 idmançı ilə mübarizə aparan boks millisi Oyunları 21 medalla başa vurub. Komandamız 9 qızıl, 8 gümüş və 4 bürünc mükafat əldə edib.


Boksçularımızdan daha öncə Aysan Miriyeva (46 kq), Nurlan Müseyibli (66 kq), Zirəddin Rüstəmli (70 kq), Mehran Rəsulov (75 kq) və Yusif Ağakişiyev (80 kq) birinci yeri tutublar. Aişə Muradova (44 kq), Amir Həsənov (48 kq), Nuray Qafarova (48 kq), Leyla Mahmudlu (51 kq), Sərxan Haqverdiyev (63 kq) gümüş, Kazım Baxışov (42 kq), Azad Məmmədli (44 kq), Yusif Əli (52 kq) və Nəriman Əli (54 kq) bürünc medala sahib olublar.