Boksçularımızın qatıldığı yarış azarkeşsiz davam etdiriləcək
- 16 Mar 2020 17:40
- 1229
Böyük Britaniyanın paytaxtı Londonda davam edən boks üzrə Avropa Olimpiya Təsnifat Turnirinin koronavirus pandemiyası ilə əlaqədar azarkeşsiz keçirilməsi qərara alınıb.
Rekord.az xəbər veir ki, bu barədə Beynəlxalq Olimpiya Komitəsinin (IOC) Xüsusi Boks Qrupu açıqlama yayıb.
Bəyanatda bildirilir ki, qərar idmançıları, azarkeşləri və könüllüləri qorumaqdan ötrü qəbul olunub. Qadağa bu gündən qüvvəyə minib. Alınmış biletlərin pulları sahiblərinə 30 gün müddətində qaytarılacaq.
Daha əvvəl Avropa Boks Konfederasiyasının (EUBC) rəhbəri Franko Falçinelli yarışın azarkeşlərin iştirakı ilə keçirilməsini hazırkı vəziyyətdə qəribə addım kimi dəyərləndirib.
Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya xarakterli turnirin təşkilatçılığı ilə Beynəlxalq Həvəskar Boks Assosiasiyasını kənarlaşdıran IOC-un özü məşğul olub. Yarışda Azərbaycan boksçuları da mübarizə aparır.
Qeyd edək ki, Böyük Britaniyada koronavirus 1372 nəfərdə təsdiqlənib. Onlardan 35-i dünyasını dəyişib.