“Bolqarlarla görüşə də yalnız qələbə üçün çıxacağıq” - Bəhlul Mustafazadə
- 23 Mar 2024 00:50
- 204
“Çoxsaylı şanslarımız oldu. Düşünürəm ki, yaxaladığımız epizodları daha tez qola çevirməliydik. Lakin yalnız sonda fərqlənə bildik. İstənilən halda qələbə qazanmaq xoşdur. Bizim üçün yaxşı sınaq oldu. Bəzən belə oyunlar komandaya əlavə güc verir”.
Rekord.az xəbər verir ki, bu sözləri milli komandamızın üzvü Bəhlul Mustafazadə “FIFA series - Edition 2024” layihəsi çərçivəsində Monqolustan üzərində qazanılan 1:0 hesablı qələbəni şərh edərkən deyib.
O, qalibiyyətin çətinliklə əldə olunmasının səbəbini belə izah edib: “Yaxaladığımız epizodları daha yaxşı dəyərləndirməliydik. Bu halda daha çox qol vura bilərdik. Lakin bəzən alınır, bəzən isə alınmır. Bu gün də rəqib müdafiəsini çox gec yara bildik”.
Millinin qələbə qolunun müəllifi olan futbolçu məşqlərdə standart vəziyyətlər üzərində çalışdığını bildirib: “Çalışıram ki, daha çox qol vurum, komandama tək müdafiədə deyil, standart vəziyyətlər zamanı irəlidə də kömək edim. Məşqlərdə bunun üzərində işləyirəm. Bəzən mən, bəzən başqası qol vurur. Bu, futboldur. Kimin fərqlənməsi elə də vacib deyil. Əsas odur ki, qələbə qazandıq”.
27 yaşlı müdafiəçi növbəti matçda da qalib gəlməyə çalışacaqlarını vurğulayıb: “Bolqarıstanla görüşdə də meydana yalnız qələbə üçün çıxacağıq. Həm də çalışacağıq ki, yaxşı oyun göstərək. Bugünkü qələbənin ardını gətirmək istəyirik”.
Mustafazadə hazırda milliyə rəhbərlik edən Arif Əsədovdan da söz açıb: “Arif müəllim tanıdığımız, daha əvvəl birgə işlədiyimiz məşqçidir. Biz onun, o da bizim iş prinsipimizə bələddir”.
“Sizcə, millinin yeni baş məşqçisi yerli, yoxsa əcnəbi olmalıdır?” sualını Mustafazadə belə cavablandırıb: “Bu, mənim səlahiyyətimdə olan məsələ deyil. Baş məşqçi kim olsa, biz futbolçular eyni qaydada çalışmağa davam edəcəyik”.