Bordinlə çay içə-içə, nərd oynaya-oynayaya... YAZI
- 17 Fev 2020 11:00
- 953
"Neftçi" adı hər zaman komandanın ilk rolda çıxış etməsini şərtləndirir. Komanda tarixi oyun üslubuna sadiq qalanda, meydanda lider ruhunu qoruyanda qələbələrlə yanaşı baxımlı oyun da alınır, azarkeşlərə də zövq verir...
Komanda rəqib imkan verdiyi qədər oyununu göstərə bilir. Bu, bütün komandalara aiddir. Liderliyini meydanda davamlı göstərənlərə isə fərqi yoxdur, rəqibləri analiz etməklə yanaşı öz oyunlarını hər an diqtə edirlər...
Bu axşam "Neftçi" ruhu oyanmışdı. Hesab daha böyük ola bilərdi, Dabonun verilməyən 11-i də öz yerində. Ən önəmlisi, qələbə ilk dəqiqələrdən sona kimi inamlı çıxışla qazanıldı, bəsit penalti də futbolçulara ciddi təsir etmədi...
Eyforiyaya qapılmamalıdır. Stabillik, davamlı qələbələr təmin edilməlidir. "Neftçi" üçün zəif "Bakı birinciliyi"ndə bunu etmək elə də çətin deyil. Özünəinam, "Neftçi" adının lüksək tutulması-rəqib(lər)in geri çəkilməsini məcbur edir. Bu günkü görüş bunu bir daha sübuta yetirdi...
Əsas, "büdcəmiz yoxdur, pul çatışmır, borc içindəyik, rəqiblər imkan vermirlər, təzyiqlər edilir, qərəzli yanaşılır" nağıllarına, şaiyələrinə son qoyulmalıdır. Səbəblər ilk öncə kənarda deyil, daxildə araşdırılmalı, məsləhətlərə, pozitiv tənqidi-təhlillərə önəm verilməlidir...
Bordinlə çay içə-içə, nərd oynaya-oynayaya, "qədeş"lik iddiasına düşə-düşə iki mövsüm hədər verildi. Fiaskonun yaşanacağı ilk gündən bildirilirdi. İtalyanın futbol fəlsəfəsi "Neftçi"nin tarixi, ənənəvi oyun tərzinə zidd idi...
Vəzifələrdə olanlar bəhanələrlə sponsorları hədəf göstərməməlidirlər. Rəhbər şəxslər "sığortalanmaq" yox, məsuliyyəti öz üzərlərinə götürməyi bacarmalıdırlar. Uğursuzluqlar olanda məcburiyyətdən manevr edilməməlidir, vaxtında doğru addımlar atılmalıdır...
Ancaq bu halda "Neftçi" layiq olduğu liderliyini geri qaytara bilər. Hər uğursuz mövsüm "Neftçi"ni illərlə geri salır, mənasız araqatmalar azarkeşlər arasında parçalanmaya səbəb olur, komandanın imicinə böyük zərbə vurur...
"Neftçi"yə xas olan oyun üslubu hələ çox təkmilləşməlidir. Tərlan Əhmədovun görüşdən sonra "günah məndədir" deməsi təqdirəlayiqdir. Hər məşqçi bunu etiraf etmir, hər dəfə "günahkar" axtarışına çıxılır...
Növbəti turlarda da "Neftçi" məzmunlu qələbələrini təmin edib davamını gətirməli, fanat-azarkeşlərini sevindirməlidir. Yenidən "günahkar(lar)" axtarışına çıxılmamalı, bəhanələrə son qoyulmalıdır. Ancaq bu yolla, bu düşüncə, təfəkkürlə "Neftçi" öz əzəmətini geri qaytara bilər. Bu günkü matçda olduğu kimi...
Tahir SÜLEYMANOV