Bosniya və Herseqovina çempionatının həftəiçi oynanılan 10-cu turu çərçivəsindəki ''Veles'' - ''Borats'' qarşılaşması böyük qalmaqallara səbəb olub.

Rekord.az xəbər verir ki, qonaqlar 81-ci dəqiqədə 2-ci qolu vuraraq 2:0 hesabı ilə önə keçdikdən sonra meydan sahiblərinin fanatları meydana axışıblar.

Onlar oyunboyu qərarlarından narazı qaldığı hakim Sabriya Topaloviçə, eləcə də qonaqların bəzi oyunçularına xəsarət yetirməyə çalışıblar. Hakim də oyunu yarımçıq dayandıraraq paltardəyişmə otağına yollanıb. Amma ''Veles'' fanatlarının hirsi bununla soyumayıb. Oyundan bir müddət sonra Topaloviç iki köməkçisi ilə birlikdə maşına əyləşərək stadionu tərk etmək istəyərkən fanatlar maşına od vurublar. Yəni onlar hakimlər briqadasını diri-diri yandırmağa cəhd göstəriblər. Hakimlər canlarını qurtarsa da, onlardan birinin xəsarət aldığı deyilir. Olayla bağlı ölkənin baş polis idarəsi geniş araşdırmaya başlayıb. Günahkarların hələ də həbs olunmadığı deyilir. ''Veles''ə texniki məğlubiyyətdən başqa böyük cəzaların veriləcəyi gözlənilir.