“Böyük Dəbilqə”: Cüdoçumuz üçün “bürünc” şans
- 03 Mar 2023 14:30
- 409
Bu gün Özbəkistanın paytaxtı Daşkənddə cüdo üzrə “Böyük Dəbilqə” turnirinə start verilib.
Rekord.az xəbər verir ki, yarışın ilk günündə Azərbaycanın dörd idmançısı qüvvəsini sınayıb.
60 kq çəki dərəcəsində iki cüdoçumuz mübarizə aparıb. Əhməd Yusifov 1/16 finalda almaniyalı Morits Plafki ilə üz-üzə gəlib. Bu rəqibini məğlub edən azərbaycanlı cüdoçu ardınca türkmənistanlı Hakberdi Cumayevi də üstələyib. Lakin Yusifov 1/4 final mərhələsində yerli idmançıdan zəif olub. O, Dostan Ruziyevə uduzub. Cüdoçumuz bunun əvəzini təsəlliverici raundda Özbəkistanın digər idmançısı Zamoşari Bekmurodovdan çıxıb. Yusifov son görüşündə Romarik Bouda (Fransa) – Dilşodbek Baratov (Özbəkistan) cütünün qalibi ilə üz-üzə gələcək.
Bu çəki dərəcəsindəki digər təmsilçimiz Rövşən Əliyevin mübarizəsi isə uğursuz alınıb. Mübarizəyə 1/8 finaldan başlayan cüdoçumuz qazaxıstanlı Nurkanat Serikbayevə məğlub olub.
66 kq çəki dərəcəsindəki təmsilçilərimiz - Kamran Süleymanov və Ruslan Paşayev da yalnız bir mərhələ adlamaqla kifayətləniblər. Süleymanov estoniyalı Vilcar Liparda, Paşayev almaniyalı Lennart Slamberqerə qalib gəlib. Lakin onlar 1/8 final səddini aşa bilməyiblər. Kamran Süleymanov fransalı Valid Xyara, Ruslan Paşayev isə braziliyalı Villian Limaya yenilib.
Digər iki təmsilçimiz Nəriman Mirzəyevlə Rəşid Məmmədəliyev (hər ikisi 73 kq) mübarizəyə sabah qoşulacaq.