“Böyük Dəbilqə”: Orxan Səfərov gümüş medal qazandı
- 16 Fev 2023 21:14
- 439
İsrailin paytaxtı Təl-Əviv şəhərində cüdo üzrə “Böyük Dəbilqə” turnirinə start verilib.
Rekord.az xəbər verir ki, ilk yarış günündə Azərbaycan millisindən 2 çəki dərəcəsində 3 cüdoçu tatamiyə çıxıb.
Kişilər arasında -60 kq çəkidə Balabəy Ağayev və Turan Bayramov, -66 kq çəkidə Orxan Səfərov medallar uğrunda mübarizə aparıblar.
Finala qədər irəliləyən Orxan Səfərov yekunda gümüş medalla kifayətlənib. O, qızıl medal uğrunda qarşılaşmada gürcüstanlı Vaja Margelaşviliyə məğlub olub. Səfərov finala gedən yolda Xoakin Tovalyari (Argentina), David Qarsiya (İspaniya), Denislav İvanov (Bolqarıstan) və Laşa Nadiradze (Gürcüstan) üzərində qələbəyə sevinib.
Balabəy Ağayev ardıcıl olaraq Brayan Qarboa (Ekvador) və Simone Aversanı (İtaliya) məğlub edib. Lakin yarımfinaldakı rəqibi Luka Mxeidzeyə (Fransa) məğlub olan idmançımız bürünc medal uğrunda qarşılaşmaya çıxıb. Üçüncü yer uğrunda görüşdə Salih Yıldıza (Türkiyə) da uduzan Ağayev 5-ci yerlə kifayətlənib.
Eyni çəkidəki Turan Bayramov da 1/8 finalda məhz Salih Yıldıza (Türkiyə) yenilib.
Beləliklə, Azərbaycan millisi yarışın ilk gününü bir medalla başa vurub. “Böyük Dəbilqə”yə fevralın 18-də yekun vurulacaq.