“Böyük Dəbilqə”də daha 2 qızıl medal!
- 24 Sen 2023 00:38
- 374
Sentyabrın 23-də Bakıda keçirilən cüdo üzrə “Böyük Dəbilqə” turnirində Azərbaycan cüdoçuları 2 qızıl medal qazanıblar.
Rekord.az xəbər verir ki, 73 kq. çəkidə mübarizə aparan cüdoçumuz Hidayət Heydərov final görüşündə Moldova təmsilçisi Petru Pelivana ipponla qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
81 kq çəkidə isə Zelim Tçkayev finalda Avstriya təmsilçisi Şamil Borçaşvili ilə qarşılaşıb. Zelim əsas vaxtda rəqibini "vaza-ari" xalı ilə məğlub edərək qızıl medala sahib oldu.
5-ci dəfə bu yarışın qalibi olan Hidayət Heydərov Beynəlxalq Cüdo Federasiyasına açıqlama verib:
“Öz ölkəmdə mən həmişə böyük dəstək hiss edirəm, bu mənə enerji verir və daha da həvəsləndirir. Mən heç bir zaman stress hiss etmirəm, əksinə, ilhamla mübarizə aparıram və nəinki özümün, həm də pərəstişkarlarımın ümidlərini doğrultmağa və onları sevindirməyə çalışıram.
Bir vaxtlar mən də tribunalarda azarkeşlik edirdim, çempionlarımız – Elnur Məmmədli ilə Elxan Məmmədovun döyüşlərinə baxırdım. İndi mən millinin lideriyəm və ikiqat məsuliyyət hiss edirəm. Arzum budur ki, gənc nəsil özlərinə inansın, məşq etməyə davam etsin və dünya şöhrətli idmançılar yetişsin.
İndi bütün diqqət Olimpiadaya hazırlığa yönəlib. Qarşıda hələ Avropa çempionatı olacaq, mən burada yenidən qalib olmaq istəyirəm, lakin Yay Oyunları xüsusi vacibdir. Azərbaycan cüdosunda 16 illik Olimpiya qızıl medal həsrətinə son qoymaq üçün əlimdən gələni edəcəyəm”.