Böyük driblyorun triumf və faciəsi
- 08 Okt 2019 12:00
- 3761
“Artıq futbolun kralı Pele yox, Qarrinçadı!”
Manuel Fransisko Dos Santos (Qarrinça)
Doğum tarixi: 28 oktyabr 1933-cü il
Ölüm tarixi: 20 yanvar 1983-cü il
Doğulduğu yer: Pau-Qrandi, Rio-de-Janeyro
Ampluası: hücumameylli yarımmüdafiəçi
Klubları: «Botafoqo» (1953-1965), «Korintians» (1966), «Portugeza» (1967), «Atletiko Xuniors» (1968), «Flamenqo» (1968-69), «Atletiko Olariya» (1972).
Braziliya millisində 50 oyuna 12 qol vurub.
Uğurları: İkiqat dünya çempionu - 1958, 1962. Kopa Amerikanın gümüş mükafatçısı: 1957, 1959. Rio-De-Janeyro ştatı çempionu: 1957, 1961, 1962. Rio-San-Paulo turnirinin qalibi: 1962, 1964, 66.
Fərdi nəticələri: 1962-ci ildə dünyanın ən yaxşı futbolçusu. DÇ-1962-nin ən yaxşı oyunçusu. DÇ-1962-nin ən yaxşı bombardiri.
Qarrinça qarşısına çıxan hər kəsi aldada-aldada qapıya yönəldi. Və tənha qalmış qapıçıya çatıb, zərbə vurmaq üçün hazırlaşdı, amma birdən durdu, döndü və epizoda tələsən müdafiəçiləri aldatmağa davam edə-edə geri qayıtdı. Bir dövrə vurdu, yenə qapıya yönəldi, yenə qapıçıya yetişdi və yenə zərbə vurmadı. Yalnız üçüncü dəfədən topu qapıçının ayaqları arasından göndərərək qol vurdu. Oyundan sonra təəccüblü və bir qədər narazı sualları çox sakit şəkildə belə cavablandırırdı: “Qapıçı heç cür ayaqlarını aralamaq istəmirdi, mən isə məhz ayaqları arasından vurmağı planlaşdırmışdım”. Dahi driblyorun bütün bioqrafları bu əhvalatı müxtəlif variasiyalarda, müxtəlif - matçın keçirilmə yeri, tarixi, nəticəsi və başqa - təfərrüatlarını xatırladaraq, ya da xatırlatmayaraq danışırlar. Qarrinça haqda onlarla başqa - bəzən çox təsirli və hətta bəzn daha parlaq hekayələr danışırlar. Ancaq yəqin ki, məhz qapıçının ayaqları arasından keçirdiyi qol, bəlkə də bütün dövrlərin ən fenomenal futbolçusunun gözlənilməz xarakteri və qeyri-adi istedadını ən yaxşı xarkaterizə edən epizoddu.
Ensiklopediyanı aldadan uşaq
Manuel Fransisko Dos Santos Rio-de-Janeyranın yaxınlığında yerləşən Pau-Qrande adlı kiçik şəhərciyində anadan olub. Elə orada, məhlədə futbol oynamağa başlayıb, ancaq sonra - 14 yaşında usta köməkçisi işləmək üçün gəldiyi yerli tikiş fabrikinin uşaq komandasında çıxış etməyə başlayıb. Qarrinça 16 yaşında “Pau-Qrandi” klubunun böyüklər komandasında debüt edib. Bir dəfə futbolçu Arati qəsəbə stadionunun tozunda fantastik fintlər edən bu uşağı görür və onu “Botafoqo”ya baxışa aparır. Məşqdə Qarrinçanı ölkənin “Futbolun ensiklopediyası” ləqəbli ən yaxşı sol müdafiəçisi Nilton Santosa qarşı qoyurlar. Və bu uşaq həmin o “Ensiklopediya”nı bir neçə dəfə aldadandan sonra, ona müqavilə təklif edilir. Tezliklə, Qarrinçayla Nilton dostlaşır.
Ən yaxşı futbol uverturasının müəllifi
Yeni ulduzun parlaq oyununa baxmayaraq “Botafoqo” 1957-ci ilə qədər uğur qazana bilmirdi. Vəziyyət ictimaiyyətə açıq ilk qərarlarından biri Qarrinçaya sağ cinahda tam sərbəstlik vermək olan Joao Saldaninin məşqçi postuna gəlməsi ilə dəyişdi. Təxminən elə bu vaxtlarda komandada daha iki möhtəşəm hücum oyunçusu - Didi və Paula Valentim peyda oldu və tezliklə “Botafoqo” doqquz ildə ilk dəfə Rio-de-Janeyro ştatının çempionu adını qazandı. Turnirin fınalında “Botafoqo” “Fluminense”ni 6:2 hesabı ilə məğlub etdi. Və mövsümün əksər oyunlarında olduğu kimi meydanda ən yaxşı oyunçu - özü qapıdan bir top keçirən və dörd qol üçün ötürmə verən Manoel idi.
“Futbol tarixində ən yaxşı üç dəqiqə” ilə debüt
Qarrinçanın DÇ-1958-də ilk oyunu SSRİ yığmasına qarşı oldu. Braziliya yığmasının baş məşqçisi Visente Reola onu çox da bəyənmirdi. Komandanın psixoloqunun testlərindən çıxan nəticələr də ona qarşı idi. Qarrinçanın “Fiorentina” ilə yoxlama oyununda çıxardığı “oyun” hələ də yaddan çıxmamışdı. Manoel həmin matçda rəqib komandasının yarısını aldadıb, topu boş qapıya vurmamış, müdafiəçinin birinin az qala uça-uça ona çatan müdafiəçinin birini də gözləmiş, onu da aldatmış və yalnız bundan sonra topla qapıya girmişdi. Feola onu bağışladı. Daha doğrusu bağışlamalı oldu, çünki İngiltərəylə son, çətin qolsuz bərabərlikdən sonra braziliyalıların cinahı “dağıdacaq” bir oyunçuya ehtiyac vardı. Və Qarrinça əsl gurultu qopara bildi. Təkcə sağ müdafiəçi Kuznetsov deyil, həm də həmişə onun köməyinə gələn Voinov və Krijenski də Qarrinçanın qarşısını ala bilmirdilər. İlk üç dəqiqə ərzində o, Yaşinin qapısı önündə dörd qol vəziyyəti yaratdı və nəhayət, onun ötürməsilə Vava hesabı açdı. Oyundan sonra britaniyalı reportyorlardan biri demişdi: “Allaha şükür ki, o məhz indi debüt edib. Yoxsa ötən oyunda bütün İngiltərə yığmasını təkbaşına udardı”. Fransalı Qabriel Ano isə matçın möhtəşəm debütünü “Futbol tarixində ən yaxşı üç dəqiqə” adlandırmışdı.
İki bar hadisəsi
Dünya birinciliyindən sonra Qarrinça inanılmaz dərəcədə məşhurlaşdı, ona olan sevgi gündən-günə artırdı və buna səbəb onun təkcə futboldakı qəhrəmanlığı deyildi. O qeyri-adi dərəcədə ürəyiaçıq və mehriban adam idi və həmişə çalışırdı ki, öz sevincini, bəzən də pulunu, hətta “İki bar hadisəsi”ndə olduğu kimi şöhrətini də insanlarla - tanışları, hətta heç tanımadıqları ilə bölüşsün: “Bir dəfə “Botafoqo”nun futbolçuları əyalət şəhərciyinə matça gəlir. Qarrinça və məşqçi Joao Saldanya otelin pəncərəsinin yanında dayanmışdılar. Tozlu küçənin o biri tərəfində iki botekin - Braziliyada çox da böyük olmayan barları məhz belə adlandırırdılar - vardı. Biri adamla dolu, o birisi boş idi. Qəmli bufetçi yüzüncü dəfə stəkanı silir, çevrilmiş stullurarın tozunu alıdrı, amma camaat ora yaxınlaşmırdı ki yaxınlaşmırdı, vəssalam! Səbəbin izah etmək çətindi. Adətdi, yoxsa kapriz, kim bilir...
Qarrinça fikrə gedib, uzun müddət barın yalnız sahibinə baxdı və birdən çevrilib Saldana dedi:
- Olar, bir dəqiqəliyə aşağı düşüm?
O, cırıldayan pilləkənlərlə üzüaşağı endi, qapıdan çıxdı və yellənə-yellənə küçənin digər tərəfinə keçdi. Ağzınacan aşıb-daşan barda adamlar donmuş və açıla qalmış ağızlarla Qarrinçaya baxırdı. Bütün şəhər matçla yaşayırdı və bu şən kampaniya elə indicə oyun haqqıda danışırdı. Yəqin ki, onlardan kimsə “Botafoqo”nun oyunçularının mehmanxanada saxlandığını, heç kəsin ordan çölə buraxılmadığını və heç bir vəchlə dahi Didi və ya Qarrinçanı görməyin mümkün olmadığını danışırdı. Və elə həmin an... Budu, o! Nağıllardakı kimi: Qarrinça! Tələsmədən gedir... Qarrinça, dünyanın ən möhtəşəm futbolçusu!
Manoel ağzınacan dolu bara yaxınlaşdı, dayandı... Və içəri girmədi. İki addım daha gedib və qəmli, yalnız sahibin oturduğu bara girdi. Bar sahibi onu görcək sıçradı, gözlənilməzlikdən dili tutuldu və dəsmalı əlindən saldı. Qarrinça kofe istədi, içdi, hesabı ödədi, bra sahibinin çiyninə əl qoydu və heç bir söz demədən çıxdı.
Beş dəqiqədən sonra bar müxtəlif tərəfdən gələn adamlarla dolub-daşır və bar sahibi isə könüllülərin köməyiylə titrəyən əlləriylə Qarrinçanın oturduğu stolu və kofe içdiyi fincanı bar stolunun yuxarısına yapışdırırdı. Bu gündən sonra qocanın heç bir ehtiyacsız qocalığı başlayırdı. Qarrinça isə, yenidən pəncərəyə yaxınlaşdı və bu səhnəni izləyə-izləyə, dedi:
- Belə daha ədalətlidi, deyilmi?”
Futbolun yeni kralı
Çilidə keçirilən növbəti - 1962-ci il dünya çempionatında Qarrinça, Pele zədələndikdən sonra yığmanı arxasınca daşıdı. Bu dəfə onun turnirdəki ən yaxşı matçı ingilislərə qarşı oldu. Qarrinça iki qol vurdu və onlardan biri mütəxəssisləri heyrətləndirdi. Çünki o qol başla vurulmuşdu və nəzərə alsaq ki, Manoelin boyu çox da hündür deyildi, bunun qiyməti birə-iki artırdı. Ancaq jurnalistləri geniş həcmli epitetlər seçməyə Qarrinçanın təkcə qolları yox, həm də ümumilikdə oyunu məcbur edirdi. Sözlərin zirvəsi matçı şərh edən reportyordan gəldi. O, oyunun gedişində futbolun kralının artıq Pele yox, Qarrinça olduğunu bütün dünyaya elan etdi. Meydan sahibləriylə yarımfinalda sıx, bəzən kobudluqdan da o yana keçən fərdi oyuna baxmayaraq Manoel hesabına iki qol yazdırdı. Oyunun ən son dəqiqələrində Qarrinça onu provokasiya edən rəqiblərinin kobudluğuna kobudluqla cavab verdi və meydandan qovuldu. Braziliyalılar finala çıxdılar, amma “Botafoqo”nun forvardını diskvalifikasiya gözləyirdi. O vaxt braziliyalılar bütün ağlasığan və sığmayan vasitələrə əl atdılar, hətta baş naziri də işə qoşdular. Qarrinça bağışlandı, finalda Çexoslovakiyaya qarşı oynadı, ikiqat dünya çempionu oldu.
Sonun başlanğıcı
Bundan sonra bütün futbol dünyası Qarrinçaya aşiq oldu. Deyilənlərə görə, İtalyanın üç ən varlı klubu - “Milan”, “İnter”, “Yuventus” Qarrinçanı almaq üçün qrup halında birləşdirmiş və bunun üçün milyon dolları yığmışdılar. Təxmin edilirdi ki, onların hər biri növbə ilə bir mövsümdə bu virtuozun xidmətlərindən yararlansın. Təəssüf ki, braziliyalı tezliklə çox ciddi zədə aldı. Sağalması təxminən iki-üç ay çəkməliydi. Amma bu müddətdə “Botafoqo” Avropa turnesinə yollanırdı və Qarrinçanın iştirakı ilə keçən hər matçın dəyəri 15 min dollar, onsuz isə iki dəfə az idi. Mane bütün oyunları iynə vurdurmaqla oynadı, amma evə qayıtdıqda həkim meniskin qırılması diaqnozunu qoydu. Onu əməliyyat etdilər, amma Qarrinça meydana qayıtdıqdan sonra sıralara əvvəlki kimi dönə bilmədi. “Botafoqo” rəhbərliyi gəlir gətirməyi dayandıran oyunçudan sadəcə, imtina etdilər. San-Paulu “Korintians”ı riskə getdi və Qarrinçaya o vaxt üçün inanılmaz məbləğ -təxminən 100 min dollar pul ödədi. Amma Qarrinça onları ödəyəcək vəziyyətdə deyildi. Publika şounun davam etməsini tələb edir, tribunalar oyunçunu fitə basırdı. Nəhayət, Qarrinça dözmədi və qapıları arxasınca bağladı. Nəticə - iki illik diskvalifikasiya, həddindən böyük cərimə və unudulma. Ancaq Mane üç il sonra - 30 noyabr 1968-ci ildə, bu dəfə “Flamenqo”nun heyətində əfsanəvi “Marakana” stadionunda göründü. İlk oyundaca o, öz qeyri-adi istedadını xatırlatdı, amma əslində bu, azarkeşlərin “Xalqın sevinci” ləqəbini qoyduğu dahi oyunçunun son “qu gölü mahnısı” - sağollaşma mahnısı idi. Tezliklə o, futbol oynamağı dayandırdı və bundan sonra yavaş-yavaş aşağı doğru “diyirlənməyə” başladı. Narkotik və alkoqoldan sui-istifadə etməklə 49 yaşında xəstəxanaya düşərək, orda da dünyasını dəyişdi.
Aynur
***
P.S: Prezidentlə nahar
1958-ci ildə, İsveçdə keçirilən dünya çempionatında SSRİ qarşı keçirdiyi möhtəşəm oyunu haqda eşidən Braziliya prezidenti Kubiçek, futbolçunun atası Amaronu yanına dəvət edir. Onlar Braziliya-Uels qarşılaşmasının radio reportajını (o vaxtlar oyunların canlı yayını olmurdu) bir yerdə dinləyirlər. Matçdan sonra Kubiçek Amaroyla birlikdə nahar edir, sonra isə “Oğlunuzun Braziliya üçün etdiyi hər şey üçün sizə təşəkkür edirəm” deyərək ona 200 kruzeyro dəyərində çek təqdim edir və onun evə qədər aparılmasına tapşırıq.
*
Baş məşqçisi Joao Saldanya: “Uşaqlar, bizim cərimə meydançasından rəqib qapısına qədər olan meydançanın bu sağ zolağını görürsüz? Bura - sağ cinaha heç birinizə burnunu soxmağa icazə vermirəm. Bu Mane Qarrinçanın dəhlizidi. Qalanları mərkəzdə və sol tərəfdə oynamalıdı. Maneyə yaxın gəlməyə belə cəhd etməyin. Qoyun orada nə istəyir etsin, sizin işiniz ondan ötürmə gözləyib qapıya vurmaqdı...
Baş məşqçisi Joao Saldanya: “Bir çox braziliyalı ulduzlar tryukbazlığa meyllidilər. Bəzən sadəcə gözəllik üçün qol imkanını əldən buraxa bilərlər. Qarrinça həmişə belələrindən olub. Amma mən ona “Botafoqo”da məşq keçəndə düşündüm ki, onu yenidən tərbiyə etməyəcəm. Və bundan peşman da deyiləm. Mən ondan yaxşı təşkilatlanmış, mütəmadi hərbi hissəyə kömək edən, amma öz yolu və metodları ilə fəaliyyət göstərən, hər halda ümumi iş üçün də xeyirli olan partizan qismində yararlanmağa çalışırdım.
*
Pioner-Centlmen
27 mart 1960-cı il “Fluminense”-“Botafoqo” oyununda Qarrinça topu zərbə vurarkən səhvə yol verən və ayağı burxulan rəqib müdafiəçidən alır. Qarrinça cərimə meydançasına girdi, qapıçıyla təkbətək qaldı və zərbə üçün hazırlaşırdı ki... müdafiəçinin qazonda uzandığını görüb topu yan xəttdən çıxartdı. Buna cavab olaraq “Fluminense”nin oyunçusu oyuna autdan başlayarkən topu rəqibə qaytardı. Braziliyalı jurnalistlərin fikrincə, məhz bu hadisə belə hallarda centlmen davranışın əsasını qoydu.
***
Maraqlıdı...
Qarrinça Braziliya yığmasında forma geydiyi 1955-66-cı illərdə milli cəmi bir dəfə məğlub olub.