Koronavirus pandemiyası səbəbindən iki aydan artıq böyük futbola həsrət qalan Avropa yenidən futbol həyacanı yaşamağa hazırlaşır. Artıq bəzi ölkələrdə çempionatların bərpa olunacağı tarixlər açıqlanıb. 

 

Rekord.az xəbər verir ki, ilk olaraq futbol həyacanını Almaniya yaşayacaq. Belə ki, mayın 16-da Bundesliqada mövsüm bərpa olunacaq. Sona 9 tur qalmış "Bavariya" turnir cədvəlinə başçılıq edir və ən yaxın izləyicisini 4 xal qabaqlayır.

 

Ardınca Çexiyada çempionat başlayacaq. 23 iyunda start veriləcək liqanın turnir cədvəlinə 58 xalla "Slaviya" başçılıq edir və ən yaxın izləyicisi "Viktoriya"dan 8 xal irəlidədi.

 

Danimarka Super Liqası mayın 28-də bərpa olunacaq. Bu ölkədə 62 xalla "Midilyand" liderdi və ən yaxın izləyicisindən 12 xal öndədi.

 

Ayın 30-da Serbiya çempionatı start götürəcək. 69 xalla Super Liqanın turnir cədvəlinə başçılıq edən "Srvena Zvezda" "Partizan"ı 9 xal qalaqlayır.

 

LASK-ın liderlik etdiyi Avstriya Bundesliqası iyunun 2-də başlayacaq. Burda 27 xalı olan LASK "Zalsburq"dan 3 xal irəlidədi.

 

Bundan 2 gün sonra Portuqaliyada mövsüm bərpa olunacaq. Bu ölkədə lider "Portu" sona 10 tur qalmış ikinci pillədəki "Benfika"nı 1 xal qabaqlayır. 

 

İyunun 5-də Bolqarıstan yenidən futbol həyacanı yaşayacaq. Bolqarıstan 1-ci liqasında 23 oyun keçirmiş "Ludoqorets" 55 xalla turnir cədvəlinə başçılıq edir və ehtiyatda bir oyunu var. 2-3-cü pillədəki "Lokomotiv" və "Levski" liderdən 9 xal geri qalır. 

 

İsveçrə Super Liqası iyunun 8-də start götürəcək. Bu ölkədə çempionluq uğrunda gərgin mübarizə gedir. 45 xalı olan "St.Qallen" və "Yanq Boyz"u izləyən "Bazel"in də 40 xalı var.

 

Azərbaycanda da böyük maraqla izlənilən Türkiyə Super Liqasının da bərpa tarixi bəllidi. Qardaş ölkədə futbol həyacanı iyunun 12-də başlayacaq. Super Liqada çempionluq uğrunda qızğın mübarizə gedir. İlk 4 pillədə yer alan "Trabzonspor" (53 xal), "Başakşəhər" (53), "Qalatasaray" (50) və "Sivasspor" arasında cəmi 4 xal fərqi var. "Beşiktaş" 44 xalla 5-ci, "Fənərbaxça" 40 xalla 7-ci pillədə qərarlaşıb.

 

Avropanın iki ən maraqlı çempionatı - İngiltərə və İspaniyada bərpa tarixi dəqiq bəlli deyil. İngiltərədə hökumət 1 iyundan sonra idman yarışlarının keçirilməsinə icazə verib. Həmin tarixdən sonra bərpa olunması gözlənilən Premyer Liqanın turnir cədvəlinə 82 xalla "Liverpul" başçılıq edir. 2-ci pillədəki "Mançester Siti"nin isə cəmi 57 xalı var və liderdən bir oyun az keçirib. Premyer Liqanın sonuna 9 tur qalıb. 

 

İspaniya Futbol Federasiyası isə La Liqanın bərpası üçün 12 iyunu işarə edir. Amma bu tarixin hökumət tərəfindən təsdiqlənməsi vacibdi. Mövsümün sonuna 11 tur qalmış "Barselona" və "Real" arasında çempionluq uğrunda gərgin mübarizə gedir. Kataloniya təmsilçisi 58 xalla birinci, "Kral Klubu" 56 xalla ikincidi.

 

İtaliya A Seriyasına gəlincə, "Football Italia" nəşrinin məlumatına çempionat iyunun 13-də qaldığı yerdən davam edəcək. Artıq mayın 18-dən klubların kollektiv şəkildə məşqlərə başlamasına icazə verilib. 26 turdan sonra A Seriyasında turnir cədvəlinə "Yuventus" başçılıq edir. "Latsio"nun 62, "İnter"in 54 xalı var.

 

Bundan başqa "yaz-payız" sistemi ilə Norveç çempionatının iyunun 16-da start götürəcəyi açıqlanıb. Mövsüm aprelin 4-də başlamalı olsa da, koronavirus pandemiyası səbəbindən təxirə salınmışdı. 

 

Qeyd edək ki, Azərbaycan Premyper Liqasının bərpa tarixi hələlik bəlli deyil. Yayılan məlumatlara görəbu həftədən klubların məşqlərinə icazə verilib. Mayın 15-də Premyer Liqa təmsilçiləri tam heyətlə ilk məşqə çıxacaq. Çempionatın isə iyunun 5-də bərpa edilməsi gözlənilir. (fanat.az)