“Neftçi”nin baş məşqçisi Samir Abasov Azərbaycan Kubokunun 1/4 final mərhələsi çərçisəvində “Kəpəz”ə qarşı keçirdikləri səfər oyunundan sonra fikirlərini bölüşüb.


Rekord.az xəbər verir ki, o, 2:0 hesablı qələbə qazandıqları matçla bağlı bunları söyləyib:


"Özünüz bilirsiz, bu turnirə necə köklənmişik. Kubok bizim üçün stimuldur, özümüzə ümid kimi görürük. Qarşımıza məqsəd qoymuşuq. Çətin səfərdə qələbə qazanmaq yaxşıdır. Amma bu o demək deyil ki, sondur. Rəqibə epizodlar verdik. Böyük hesabla qalib gələ bilərdik. Əsas odur ki, bu oyun bizə nəticə olaraq digər matça hazırlaşmaq üçün motivasiya oldu, ümid verdi. Futbolçulara təşəkkür edirəm. Onlar da bunun əhəmiyyətini anlayırlar. Vəssalam. Gedəcəyik evə, çempionat matçına hazırlaşacağıq.


Bura gələndən seriya əldə edə bilmirdik. Komanda şəklində özümüzü tapa bilmirdik. Demirəm indi ideal durumdayıq. Sadəcə, çıxış yolları axtarmağa başladıq. Fikirləşdim ki, bizim üçün ən ideal oyun içində intizamı qorumaqdır. Bunlar da rəqibə epizod verməmək, sıx oynamaq, müdafiədə bir-birini sığortalayaraq oynamaqdır. Bunun ən yaxşı nümunəsi “Sabah” və “Şamaxı”ya qarşı görüşlərimizdir. "Kəpəz"ə qarşı bu gün oynadığımız matçı da ora daxil etmək mümkündür”.