"Neftçi"nin baş məşqçisi Miodraq Bojoviç Azərbaycan Premyer Liqasının 25-ci turu çərçivəsində “Qarabağ”a qarşı keçirdikləri oyundan sonra fikirlərini bölüşüb.

Rekord.az xəbər verir ki, o, 1:4 hesabıyla uduzduqları matçla bağlı bunları söyləyib:

“Birinci hissədə yaxşı oynadıq. Böyükhesablı məğlubiyyətə layiq deyildik. İkinci yarıda böyük səhvlər səbəbindən qollar buraxdıq. Ondan sonra əlimizdən gələni etdik. Amma əks-hücumlarda yaxalandıq. Qapımızda belə qollar görəcəyimizi gözləmirdik. Məncə, bu səhvləri götürsək, oyunumuzun keyfiyyəti yaxşı idi. Azərbaycan çempionatında "Qarabağ"a belə təzyiq göstərən komanda görməmişəm”.

Bojoviç hazırda qlobal dəyişikliklərə imkanlarının olmadığını vurğulayıb: "Günahı Yuri Matiasın və Qara Qarayevin üzərinə atmaq istəmirəm. Bütün futbolçularımız sonadək mübarizə apardılar. Digər komandalara qarşı da belə çıxış etsək, daha asan olacaq. Bu gün meydanda Avropa səviyyəsində oyun gördük".

Baş məşqçi Emin Mahmudovun zədəyə görə əvəzlənməsinin komandaya təsir etdiyini deyib: "Eyni epizod "Qəbələ" - "Qarabağ" matçında da yaşanıb. Həmin vaxt meydan sahiblərinin futbolçusu qırmızı vərəqə almışdı".