Branimir Subaşiç: "Neftçi"nin çempionluq şansı yoxdur" MÜSAHİBƏ
- 25 Fev 2020 16:00
- 915
Rekord.az Azərbaycan milli komandasının sabiq hücumçusu Branimir Subaşiçin müsahibəsini təqdim edir:
- Sabiq komandan "Neftçi"də baş məşqçi dəyişikliyi oldu. İtaliyalı Roberto Bordin yola salındı, onun vəzifəsi Füzuli Məmmədova həvalə edildi. “Ağ-qaralar” artıq Məmmədovun başçılığı altında dörd oyuna 8 xal da qazanıblar. Necə düşünürsünüz, o, mövsümün əvvəlindən bu funksiyanı yerinə yetirsəydi, hər şey daha fərqli ola bilərdi?
- Nəticələrin yaxşı, atmosfer pozitiv olacağını kimsə bilsəydi, Füzuli Məmmədovu mövsümün əvvəlindən baş məşqçi təyin edərdilər. O, gələndən sonra komandaya yeni enerji, yeni nəfəs gəlib. Yenilik hər zaman deyil, amma əksər vaxtlarda yaxşı olur. Asan olmayacaq, çətin işdir. "Neftçi" Azərbaycanın ən yaxşı komandasıdır, onlarla çalışdırmaq asan deyil. Fərqli faktorlar var. Amma Füzuli yaxşı oğlandır, gənc məşqçidir. Hər şeyin yaxşı olacağını düşünürəm.
- Hazırda "Qarabağ" "Neftçi"ni 8 xal qabaqlayır və Ağdam təmsilçisi də bu xal fərqinin azalmasına imkan vermir. Bu vəziyyətdə "Neftçi"nin çempionluq şansları var?
- Məncə, "Neftçi"nin çempionluq şansı yoxdur. Bu, riyazi cəhətdən ola bilər. Lakin reallıqla danışsaq, "Qarabağ"ın bu cür şansı əldən verməsi inandırıcı deyil. Çünki Ağdam təmsilçisi təcrübəli komandadır, bu klubda kim nə etməli olduğu yaxşı bilir. "Neftçi" çox gec toparlandı. Düzdür, növbəti turlardakı mübarizəni izləmək də maraqlı olacaq. Lakin bu mövsüm "Neftçi"nin çempionluq şansı yoxdur.
- "Qarabağ" altı mövsümdür ki, çempion olur. "Neftçi" bu uğursuzluğa son qoymaq üçün nəyi dəyişməlidir?
- Stabillik lazımdır. Burada çox amillər var. Klub prezidenti, idman direktoru, baş məşqçi, futbolçular, hamısı birlikdə çempion olur. Yəni ümumi atmosfer yaxşı olmalıdır. Oyunçu seçimləri, seleksiyalar düzgün aparılmalıdır. Bunlar ən vacib məsələlərdir. Futbolçu seleksiyası yüksək səviyyədə olmalıdır.
- Yayda klub rəhbərliyinin hansı addım atmasını məsləhət görərdiniz? Füzuli Məmmədov qalıb qarşıdakı mövsümə komandanı hazırlamalıdır, yoxsa daha iddialı, təcrübəli məşqçi dəvət olunmalıdır?
- Bunu mövsüm sonunda görəcəyik. Məncə, Füzulini saxlamaq lazımdır. Sadəcə mövsümün sonuna kimi komandanın oyununa, ümumi vəziyyətinə baxmaq lazımdır. Lap çempion olsan da, baxımlı oynamayanda maraqlı gəlmir. Yəni komandanın yaxşı oyunu olmalıdır. Ona görə də baş məşqçiyə lazım olan futbolçu seçimi edilməlidir. Məmmədovu qarşıdakı mövsüm üçün baş məşqçi postunda saxlamaq olar. Amma buna klub prezidenti, idman direktoru qərar verəcək. Füzuli mövsüm əvvəlindən baş məşqçi olmadığından ondan nəsə uğur gözləmək də düzgün deyil. Komandanı özü qurmayıb. Əgər “Neftçi”ni çempion etsə, bu, möhtəşəm bir iş olar. Bunu edə bilməsə belə, komandaya öz oyun üslubunu gətirərsə, yenə onu baş məşqçi postunda saxlamaq lazımdır.
- Hazırda Azərbaycan millisinin baş məşqçi postu boş qalıb. Əksər yerli mütəxəssislər deyir ki, yığmada həmyerlilərimiz işləməlidir. Sizcə, azərbaycanlı mütəxəssis komandamıza kömək ola bilər?
- Yerli mütəxəssislər də vaxtı ilə futbolçu olublar, bu idman növünü bilirlər. Gənc mütəxəssislər var, onlara şans vermək bəlkə də yerinə düşər.
- Söhbət millidən düşmüşkən, hazırda komandamızın aparıcı futbolçusu Ramil Şeydayev Moskva "Dinamo"sundan ayrıldıqdan sonra özünə Avropada klub tapmadığından Azərbaycana qayıtdı. Bunu necə qiymətləndirərdiz?
- Əlbəttə ki, Rusiya çempionatı Azərbaycan Premyer Liqasından güclüdür. Amma geriyə addım olduğunu demək çətindir. Bunu özü daha yaxşı bilir. Hər şeyi zaman göstərəcək. Onunla razıyam ki, Rusiya və Azərbaycan klublarında oynamaqla milliyə gəlib kömək etmək fərqlidir.
- AFFA "Keşlə"nin futbolçusu Sezar Meza Kollini milliləşdirir. Bu məsələyə necə şərh verərdiz?
- Bu haqda məlumatım var. Yaxşı futbolçu olduğunu bilirəm. Fikrimcə, pis addım deyil. Əgər millinin yeni baş məşqçisi ehtiyac görərsə, Sezarı dəvət edib oynadacaq.
- Sizi də vaxtilə milliləşdiriblər. Əksər mütəxəssislərimiz isə deyir ki, bizə legioner lazım deyil. Həqiqətən yığmamızda əcnəbi futbolçuların oynamasına ehtiyac var?
- Mən Azərbaycanı sevirdim, indi də sevirəm. Yığmada da hər zaman ən yaxşısını etməyə çalışırdım. Sualın digər hissəsinə gəlincə, güclü futbolçunu milliləşdirməyə dəyər. Kimə pasport verdiyinizi götür-qoy etməlisiniz. Sezar yaxşı futbolçu olduğundan millidə olması fayda verəcək. Yaxşı futbolçulara hər zaman ehtiyac var (apasport.az)