Braziliyalı bədbin danışdı: "Zalların açılacağına, Azərbaycan çempionatının başlayacağına ümid yoxdu”
- 11 Dek 2020 14:00
- 667
Xəbər verdiyimiz kimi, futzal üzrə ölkə çempionu “Araz” Çempionlar Liqasının ilkin mərhələsindəki rəqibi Yunanıstan AEK-inə uduzub.
Rekord.az xəbər verir ki,əsas vaxtı 3:3 hesabı ilə başa çatan qarşılaşmada meydan sahibləri penalti seriyasında qalib gələrək, növbəti mərhələyə yüksəlib.
Naxçıvanlıların elə ilk mərhələdə məğlub olaraq mübarizəni dayandırmasının səbəbini öyrənmək üçün dünən Joze Alesio Da Silva ilə əlaqə saxladıq. Braziliyalı mütəxəssis məğlubiyyəti belə şərh etdi: “Düşünürəm ki, bir az səriştəsiz olduğumuz üçün məğlub olduq. Çünki oyunda bütün statistik göstəricilərdə üstünlük bizdə idi. 25-i qapı istiqamətində olmaqla matç ərzində 45 zərbə vurduq. Bunlardan ancaq üçü qol oldu. Fiziki hazırlığın da nəticəyə təsir etdiyini düşünərəm. AEK qarşılaşmaya hazırlıqlı gəlmişdi. Yunanlar öz çempionatlarında 12 matç keçiriblər. Bu səbəbdən də yüksək oyun tempinə malik idilər. Jurnalistlərin və azarkeşlərin fikirlərinə hörmət edirəm. Onlar “Araz”AEK-ə məğlub olmalı deyildi” düşündükləri üçün haqlı ola bilərlər. Bu fikirlə qismən razıyam. Amma oyun ərəfəsində çoxlu problemlərlə üzləşdik. Səfərə getməyən futzalçılarım var idi. Yunanıstandan qayıdan zaman COVID-19 problemi ilə üzləşdik. Əlbəttə, hazırlıq mükəmməl deyildi. Yalnız 25 gün məşq edə bildik. Məşq günlərindən 14-də açıq havada çalışdıq. Hazırlıq oyununda gücümüzü yoxlaya bilmədik. Səfərə az qalmış 25 gün bizimlə birgə məşq edən 4 iranlı futbolçunun vizası verilmədi. Komandanın yarımçıq səfəri bizə təsir etdi. Çünki oynamaq üçün 25 gün hazırlıq keçən cəmi 6 futzalçımız var idi”.
52 yaşlı çalışdırıcı yığmanın Avropa çempionatının seçmə mərhələsində iştirakı ilə bağlı toplanışla bağlı bunları qeyd etdi: “Araz”ın oyunu ərəfəsində onsuz da çox əziyyət çəkdik. Bir çox problemlə qarşılaşdıq. Koronavirus pandemiyası ilə bağlı ölkədəki vəziyyətin pisləşdiyini bilurəm. Zalların açılacağına, hətta Azərbaycan çempionatının başlayacağına ümid yoxdu. Bu məsələ məni çox narahat edir. Çünki rəqib futzalçılar artıq öz liqalarında oynayırlar, yoldaşlıq matçları keçirirlər. Onlar aylardı buna hazırlaşırlar. Yunanıstandan qayıdandan bəri məşq keçməmişik. Bu məsələni çox sürətli həll etməliyik. Çünki belə vəziyyətdə təsnifat mərhələsində çıxış etmək çox çətin olacaq”.
Sonda Alesio səhhəti ilə bağlı da danışdı: “Bir müddət öncə mənimlə əlaqə saxlamışdız. Onda özümü yaxşı hiss etmirdim. İndi sağlığım yerindədi. Özümü yaxşı hiss edirəm. COVID-19 testim neqativ çıxıb. Sadəcə, xəstələnmişdim”. ("Futbol plus")