Beynəlxalq yoldaşlıq görüşü çərçivəsində bu gün Macarıstanın Sombatxey şəhərindəki “Haladas SportKomplexum” stadionunda keçirilmiş Azərbaycan - Qazaxıstan oyunundan sonra yığmamızın məşqçisi Arif Əsədov fikirlərini bölüşüb.

Rekord.az xəbər verir ki, o, 3:2 hesabıyla qalib gəldikləri matçdan sonra təşkil olunan mətbuat konfransında bunları söyləyib:

“Futbolçularımı təbrik edirəm. Mövsümün sonu olduğundan, həm psixoloji, həm də fiziki yorğunluq var. Buna baxmayaraq, oyunçularımız xarakter nümayiş etdirərək, geridönüş etməyi bacardılar. Təəssüf ki, ilk standart vəziyyətdən qol buraxdıq. Ardınca rəqib əks-hücumdan daha bir dəfə fərqləndi. Ancaq komandamız toparlanaraq qələbə qazandı.

Albaniya ilə görüşü də yaxşı keçirmişdik. Ən azı heç-heçəyə layiq idik. Həmin matçdan sonra da görürdük ki, azarkeşlər və ictimaiyyət komandaya inanır. Bu amil futbolçulara müsbət təsir göstərmişdi”.