"Qarabağ”ın idman direktoru Emrah Çəlikəl Avropa Liqasının qrup mərhələsinin “Vilyarreal”la ev oyununun Türkiyədə keçirilməsinə münasibət bildirib.

Rekord.az DHA-ya istinadən xəbər verir ki, klub rəsmisi Türkiyə variantının üzərində dayandıqlarını bildirib:

“Biz israrla Türkiyədə oynamaq istədik. Bunun üçün “Başakşəhər” klubu ilə danışdıq. Həm klub rəsmiləri, həm də prezidenti Göksel Gümüşdağ bizi isti qarşıladı. Avropa Liqasındakı ev oyunlarımızın neytral meydanda keçirilməsinə qərar vermişdi. Bizə 3-4 seçim təklif olundu. Bu ölkələr içərisində Türkiyə yox idi. Digər ölkələrdə təhlükəsizlik başda olmaqla müəyyən problemlərimiz ola bilərdi. Türkiyədən hansısa klubla əlaqə saxlasaq, bizi isti qarşılayacaqlarından əmin idik. Azərbaycan və Türkiyə iki qardaş ölkədir. Nə Türkiyə komandaları Azərbaycanda özlərini səfərdə hiss edərlər, nə də Azərbaycan klubları Türkiyədə.

“Başakşəhər” klubunun rəsmiləri bizə kömək edəcəklərini və özümüzü evimizdə kimi hiss etdirəcəklərini bildirdilər. UEFA-ya bu meydanı alternativ kimi təklif etdik. Sevinirik ki, bu tələbimiz müsbət qarşılandı. Bu, bir oyunluq qərardır. Digər oyunlarımızla bağlı qərar dəqiq deyil”.

UEFA Dağlıq Qarabağ bölgəsindəki gərgin təhlükəsizlik vəziyyətini nəzərə alaraq Azərbaycan millisinin və “Qarabağ”ın ev oyunlarının alternativ ölkələrdə keçirilməsi barədə qərar qəbul edib. Eyni qərar Ermənistana da şamil olunub.