“Neftçi”nin məşqçisi Sənan Qurbanov Azərbaycan Premyer Liqasının 18-ci turunda “Kəpəz”ə qarşı keçirdikləri oyunla bağlı fikirlərini bölüşüb.

Rekord.az xəbər verir ki, o, 2:0 hesabıyla qalib gəldikləri matçdan sonra bunları söyləyib:

“Maraqlı oyun alındı. Matça hər iki komanda ciddi hazırlaşmışdı. Üç xal hər iki komanda üçün vacibdir. Futbolçuları yeni ilə pozitiv başlamaq üçün bu oyunun vacibliyini çatdırdıq. Çətin olsa da, qalib gəldik. Yeni ildə bu qələbənin yaxşı təsir edəcəyini düşünürəm. Futbolçuları təbrik edirəm.

"Neftçi" böyük klubdur, brenddir. Kuboku qazansaq, klub və mənim üçün sevindirici olardı. Mən də komandaya kömək etməyə çalışıram. Baş məşqçimiz var, mən də kömək edirəm. Bunu yenə də burada qazansam, stimul olar.

Komandada hər zaman futbolçulara ehtiyac var. Rəqabət olsa, yaxşıdır. Hücum xəttində dişsizlik var. Qol imkanlarından yararlana bilmirik. Bu, bizi də narahat edir. Qışda "Neftçi"yə layiq oyunçu tapmaq çətindir. Axtarışlar var. Yaxşı oyunçu olarsa, komandaya cəlb edə bilərik”.