21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Milan Obradoviç bu gün Fransa yığmasına qarşı keçirdikləri oyunu şərh edib.

Rekord.az xəbər verir ki, serb mütəxəssis 1:2 hesabıyla bitən matçdan sonra təşkil olunan mətbuat konfransında bunları söyləyib:

- Maraqlı və çətin oyun oldu. Fransa milli komandasını təbrik edirəm. Bu gün yaxşı təcrübə qazandıq. Rəqib yaxşı oyun göstərdi. Üzərində işləməli olduğumuz məsələlər çoxdur. Koronavirusa görə oyuna 7-8 futbolçunu çağıra bilmədim, bəziləri də əsas yığmaya dəvət aldılar. Amma bu futboldur və əlimizdə olanlarla yaxşı oyun göstərməyə çalışdıq. Məşqdən sonra bəzi futbolçular nə olacağından, necə olacağından narahat idilər. Buna görə ilk hissədə oyunumuz yaxşı alınmadı. Top saxlamaqda da çətinlik çəkirdik. İkinci hissədə daha yaxşı və riskli oyun oynadıq. İki hücumçuya keçsək də, rəqibdən xal almağa gücümüz çatmadı. Bütün futbolçulara təşəkkürümü bildirirəm. Qarşıda görüləsi işlərimiz çoxdur. Bu komanda son 10 gündür bir yerdədir.

- Futbolçuların narahatlığı nəylə bağlı idi?
- Futbolçular çox şeydən narahat idilər. Bizim qarşımızda güclü Fransa millisi var idi və bizə az şans verdilər. Bu gedişat ürəyimcə deyil. Çünki İsveçrə ilə oyunda da, bu oyunda da yaxşı çıxış etsək də, xal qazana bilmədik. Nələrsə çatışmır, bilirəm ki, komandamızın yaxşı potensialı var. Bəzi çatışmazlıqlarımız var. Daha çox öyrənməli olduğumuz şeylərdən biri oyuna nəzarəti artırmaqdır. Bu da beynəlxalq oyun təcrübəsinin azlığından qaynaqlanır.

- Bu oyun göstərdi ki, U-21 əsas yığmayla mübarizə aparacaq səviyyədədir. Toplanış zamanı nə üçün əsas milli ilə yoxlama oyunu keçirmədiz?
- Yaxşı fikirdir, koronavirus pandemiyasına görə yoxlama oyunları keçirə bilmədik. Əsas yığmayla yoxlama oyunu keçirmək yaxşı ideyadır. Bununla bağlı əsas millinin baş məşqçisiylə danışa bilərəm. Amma mən daha çox digər millilərlə yoxlama oyunu keçirməyin tərəfdarıyam. Ümid edirəm ki, Azərbaycan Premyer Liqasının səviyyəsi artacaq və biz də gənc oyunçulardan daha çox yararlana biləcəyik. Gənc futbolçular klubda və ya millidə öz yerlərini qorumaq istəyirlərsə, daha çox məşq etməlidirlər. (komanda.az)