"Sumqayıt"ın baş məşqçisi Samir Abasov Azərbaycan Premyer Liqasının ilk turunda doğma meydanda "Kəpəz"ə qarşı keçirdikləri ilk oyundan sonra fikirlərini bölüşüb.

Rekord.az xəbər verir ki, o, 2:0 hesabı ilə qalib gəldikləri matçla bağlı bunları söyləyib:

“Çox ağır vəziyyətdə oyuna çıxmışdıq. Psixoloji durumumuz yaxşı deyildi. "Fehervar"la matçın məyusluğu hələ keçməmişdi. 13 saat yolda olduq. Hazırlıq üçün bir gün vaxtımız var idi. Uşaqlar çox güc qoydular, enerji itirdilər. Futbolçulara təşəkkür edirəm.

Çempionatın oyunlarına baxanda görürsən ki, temp belədir. Hava şəraiti də öz sözünü deyir. Bu gün bürkü idi. Amma ilk oyun olduğuna görə belə hallar çox baş verir. İki komandada da dinamika düşmüşdü. Bu gün çox yorğun idik.

Gənc, yeniyetmə olsun, fərqi nədir? Onlar hamısı komandamızın üzvüdür. Onlar da özlərini göstərməlidir. İndi hədəf haqda danışmayacağam. Əlimdə 13-14 futbolçu var. Onlarla da ən yaxşısını etməyə çalışacağam. Hər oyuna qələbə üçün köklənəcəyik”.