Bu gün keçirilməsi nəzərdə tutulan oyun təxirə salındı
- 23 Noy 2023 12:36
- 264
“Xarı Bülbül Şuşa” voleybol klubu Azərbaycan Voleybol Federasiyasına (AVF) müraciət ünvanlayıb. "Rekord.az" xəbər verir ki, müraciət bu gün (23 noyabr) Yüksək Liqa çərçivəsində keçirilməsi nəzərdə tutulan oyunun təxirə salınması ilə bağlıdır.
Sənəddə bildirilir ki, “Xarı Bülbül Şuşa” klubu Çağırış kubokunun 1/16 final mərhələsi çərçivəsində noyabrın 29-da Yunanıstanın “Panathinaikos ATHENS” kollektivinə qarşı cavab matçına çıxacaq. “Xarı Bülbül Şuşa”nın bu oyuna səmərəli hazırlaşa bilməsi üçün noyabrın 23-də Azərbaycan çempionatında keçirilməsi nəzərdə tutulan “Xarı Bülbül Şuşa” - “Xarı Bülbül Laçın” matçının təxirə salınması xahiş olunub.
AVF daxil olmuş müraciəti nəzərə alaraq, noyabrın 23-ə planlaşdırılan “Xarı Bülbül Şuşa” - “Xarı Bülbül Laçın” matçının təxirə salınması ilə bağlı qərar qəbul edib. Beləliklə, bu gün Yüksək Liqada yalnız bir qarşılaşma baş tutacaq. Saat 19:00-da “AZERRAIL” - “Murov Az Terminal” komandaları üz-üzə gələcəklər. Bu oyun “CBC sport” kanalı vasitəsilə canlı yayımlanacaq.
Qeyd edək ki, təxirə salınan “Xarı Bülbül Şuşa” - “Xarı Bülbül Laçın” matçının keçiriləcəyi tarix haqqında məlumat veriləcək.