Bakı, 16 fevral 2020-ci il. “Bakcell Arena”da Azərbaycan Premyer Liqasının 17-ci turu çərçivəsində “Neftçi” “Keşlə”ni qəbul edir. Oyunu Elçin Məsiyevin rəhbərlik etdiyi hakimlər briqadası idarə edir, gənc referilər ədaləti qorumağa çalışırlar. Bu yerdə qeyd edim ki, 17-ci turda ölkənin üç FİFA referisindən yalnız biri elitada iş başında idi. Rəhim Həsənov “Zirə” – “Qarabağ” qarşılaşmasına təyinat almışdı. Hakimlərin avstriyalı rəhbəri daha gərgin keçəcəyi gözlənilən, gümüş medalların taleyi baxımından əhəmiyyətli olan “Neftçi” – “Keşlə” qarşılaşmasının taleyini gənclərə tapşırmışdı.


Artıq 11-ci dəqiqədə bunun ilk fəsadını gördük. Baqali Dabo sürətlə irəliləyib, “Keşlə”nin cərimə meydançasına daxil oldu. Fransalı hücumçu yolüstü İlkin Qırtımovdan da əla sıyrıldı. Onun ayağından çıxan top “Keşlə”nin müdafiəçisi Floresə toxunub yenidən Dabonun önünə düşdü. Belə fürsət əldən qaçmazdı, heç Dabo da onu qaçırmadı və asanlıqla topu tora qovuşdurdu. Amma yan xətt hakimi Qəzənfər Məmmədovun bayrağı havadaydı, laysman topun “Keşlə”nin müdafiəçisinə dəydiyini ya görməmişdi, ya da oyun qaydalarından xəbərsiz idi. Bilmirdi ki, top müdafiə olunan tərəfin futbolçusuna toxunursa, oyundan kənar vəziyyət pozulur. Yaxşı ki, Elçin Məsiyev onun yanlış bayrağına aldanıb “Neftçi”nin “təmiz” qolunu ləğv etmədi, əliylə mərkəzi göstərdi. Yalnız bundan sonra Məmmədov da bayrağını aşağı saldı.


Düşünürdüm ki, Məsiyevin hazırlığı yetərincədi və 90 dəqiqəni səhvsiz yola verməyi bacaracaq. Amma çox keçmədi ki, yanıldığımı anladım. Görüşün 67-ci dəqiqəsində yaşananlar ilk hissədəki qəhrəmanlığın üzərinə kölgə saldı. Belə ki, məhz həmin dəqiqədə “Neftçi” “Keşlə”nin qapısına növbəti hücumu gerçəkləşdirirdi. Dabo da rəqibləri çaş-baş salıb, qapıya doğru həmlə etməkdəydi. Elə bu an Flores cərimə meydançasında Dabonun ayağına zərbə vurub, onu yerə yıxsa da, Məsiyev penalti təyin etmədi. Hakimlərin bəxti onda gətirdi ki, “Neftçi” 3:1 hesabıyla qələbə qazandı, verilməyən penalti də unuduldu.


Oyunun nəticəsinə təsir edən səhvdən sonra Fritz Stuxlikin gənc hakimlərə qulaqburması verəcəyini, onlara diqqətli olmağı tapşıracağını gözləmək olardı. Yenə də bizi yanıltdılar. Elçin Məsiyev 18-ci turda elitada görünməsə də, bir tur sonra “Qarabağ” – “Sabah” oyununa iş başındaydı. Özü də “Neftçi”nin oyunundakı köməkçiləri Pərvin Talıbovla Qəzənfər Məmmədov da onunla birlikdəydi. Deməli, Fritz səhvlərinə görə onlara barmaq silkələməmiş, əksinə, daha bir məsul oyunla mükafatlandırmışdı. Necə deyərlər, həmin dalğa, həmin koordinat. Məsiyev və köməkçiləri “Qarabağ” – “Sabah” qarşılaşmasında aləmi bir-birinə qatdı. Bir epizodda oyundan kənar vəziyyəti “görmədilər”, davamı isə verilməyən penaltiylə yekunlaşdı. Az sonra Bəhlul Mustafazadə rəqibini yerə sərdi, özü də cərimə meydançasında. Hakimin fiti susdu. Oyuna əlavə olunmuş dəqiqələrdə isə “Qarabağ”ın “təmiz” qolu yanlış oyundan kənar vəziyyət qərarına görə sayılmadı. Məsiyevin köməkçiləri yazının əvvəlində qeyd etdiyim kimi, topun müdafiə olunan tərəfə toxunmasıyla bağlı məqamı gözardı etdilər.


Məsiyev həmin Məsiyev idi, elə köməkçiləri də. Amma günahkar onlar deyil, adamların bacardığı budu. Günahkar iki FİFA referisini birinci diviziona göndərib, gəncləri odun içinə atan Stuxlik və onu bizə calayanlardı!