"Bu il komandaların hamısının büdcəsi eynidir"
- 11 Dek 2019 19:38
- 1019
"Bu mövsüm çempionat ötən illə müqayisədə daha yüksək səviyyədə olacaq" - bu sözləri Azərbaycan Voleybol Federasiyasının vitse-prezidenti Faiq Qarayev deyib.
"Rekord.az" xəbər verir ki, təcrübəli mütəxəssis bu gün jurnalistlərlə keçirdiyi görüşdə ölkə birinciliyi haqqında geniş məlumat verib. O, bildirib ki, qadın və kişi voleybolçuların çempionatı dekabrın 14-də start götürəcək. Qadınların yarışında 6, kişilərin mübarizəsində isə 7 komanda çıxış edəcək: "Bir neçə il əvvəl fəaliyyətini dayandırmış "İqtisadçı" klubu yenidən birincilikdə mübarizə aparacaq. Qadınların Super Liqasında, həmçinin,"Azərreyl, "Lokomotiv", "Abşeron", bu il yaradılan "Mübariz" və Gürcüstan millisi çıxış edəcək.
Kişilərin Yüksək Liqasında da Gürcüstan komandası yarışacaq. Eyni zamanda "Neftçi", "Lokomotiv", "OİK", "Sərhədçi", yeni yaradılan "Azərreyl" və "Xilasedici" klubları yarışacaqlar".
Millimizin sabiq baş məşqçisi onu da qeyd edib ki, bu ilki klubların hamısı demək olar eyni büdcə sahibdir. Bunun çempionatda komandaların bir-biri ilə daha ciddi rəqabət aparacağı şərait yaradacağını da əlavə edib.
Faiq Qarayev oyunların keçiriləcəyi məkanlardan da danışıb: "Bu il oyunları bir neçə məkanda təşkil edəcəyik. Bunda əsas məqsəd voleybolun əhatəsini genişləndirmək, daha da tanıtmaqdır. Bir neçə qarşılaşma Gürcüstanda keçiriləcək. Qonşu ölkənin voleybol federasiyası ilə artıq razılıq əldə olunub".