“Bu, maksimumumuz deyil” - Elmar Baxşıyev
- 26 Okt 2024 19:40
- 132
"Araz-Naxçıvan"ın baş məşqçisi Elmar Baxşıyev Azərbaycan Premyer Liqasının 11-ci turunda "Zirə"yə qarşı keçirdikləri oyundan sonra fikirlərini bölüşüb.
Rekord.az xəbər verir ki, o, 1:1 hesablı heç-heçə barədə bunları söyləyib:
“Yaxşı, dinamik və mübarizəli oyunun şahidi olduq. Hər iki komanda meydanda yaxşı iş görməyə çalışırdı. Komanda olaraq meydançada düşündüklərimiz var idi. Yaxşı oynadıq və 1 xal qazandıq. Yolumuza davam edirik.
Məni sevindirən komandanın oyundan qopmamasıdır. Uduza da bilərdik. Oyunun təşkilində bunu yaxşı etdik.
İlk turda "Qarabağ"a böyük hesabla uduzanda da, komanda olaraq çox “panika”ya düşmədik. Təcrübəli futbolçularımız var. Təzyiq altında oynaya biləcəklər. Bu, maksimumumuz deyil. Komanda olaraq daha rəngarəng ola bilərik.
Biz də öz azarkeşlərimizin önündə çıxış etmək istəyirik. 5-6-cı mətbuat konfransıdır ki, təkrar deyirəm. Mən çox istəyərdim ki, öz diyarımızda, Naxçıvanda oynayaq, bu sevinci Naxçıvan camaatı ilə bölüşək. Üzərimə nə düşürsə, onu edirəm. Yenə xahiş edirəm, rəhbərlik bizi Naxçıvana aparsın, ev oyunlarımızı orada keçirək.
Sağlam kollektivimiz var. Naxçıvanda qalmaq futbolçulara təsir etməyəcək. Onlar da burada uğur qazanmaq istəyir. Uğur olan yerdə futbolçu hər şeyə hazırdır. Bizə o şəraiti yaratsınlar. Hamımız bunu istəyirik. Siz də istəyirsiz ki, komanda öz bölgəsində olsun. Müraciətim sırf rəhbərliyimizə deyil. Naxçıvan rəhbərliyi də bizə dəstək olmalıdır. Düşünürəm ki, bu komanda nə Elmarın, nə buradakı rəhbərliyindir. Bu komanda Naxçıvanındır. O bölgənin rəhbərləri də bizim üçün hansısa jestlər etməlidir”.