“Bu mövsüm çempionatda ən yaxşı oyunumuzu keçirdik”
- 25 Yan 2025 17:23
- 90
NTD-nin baş məşqçisi Tahir Baxşıyev Azərbaycan Basketbol Liqasının 12-ci turunda “Naxçıvan”la qarşılaşmadan sonra klubun mətbuat xidmətinə açıqlama verib.
Rekord.az xəbər verir ki, mütəxəssis qələbəyə baxmayaraq komandanın hələ tələblərin 60 faizini yerinə yetirdiyini vurğulayıb:
“Bu mövsüm çempionatda ən yaxşı oyunumuzu keçirdik. Amma inanıram ki, qarşıda bizi daha da yaxşı oyunlar gözləyir. “Naxçıvan” güclü komandadır. Turnir cədvəlində ikinci yerdədirlər. Amma bu qələbəyə çox ehtiyacımız var idi. Uşaqlar yalnız qələbə üçün oynadılar. İlk hissə çətin keçdi, hesab tez-tez dəyişirdi. Amma üçüncü periodda uşaqlar müdafiədə çox yaxşı oynadılar. Bizim üçün bu vacib idi və qələbəni qazana bildik. Oyun keyfiyyətindən razı qaldım. Amma deyə bilərəm ki, hələ komanda tələblərimin yalnız 60%-ni yerinə yetirir. Hələ inkişaf edəcəyik. Hazırda bizim üçün hər oyun vacibdir. Çempionata çox pis başladıq. Yaxşı ki, hələ qabaqda çox oyun var”.
Baş məşqçi qarşıdan gələn kubok matçı ilə bağlı da danışıb:
“Qarşıda kubok oyunu var və burada legioner limiti fərqlidir. Heyətdə ən azı iki yerli oyunçu olmalıdır. Bu tərkibdə demək olar ki, oynamamışıq. Murad Babayev bizə kömək edəcəkmi, bilmirəm. Amma gənc oyunçularımız var. Düşünürəm ki, “Lənkəran”a qarşı yaxşı oyun göstərə biləcəyik”.
Bakı İdman Sarayında keçirilən A qrupunun “Naxçıvan” - NTD görüşündə qonaqlar 95:70 hesablı qələbə qazanıb.