“Neftçi” Azərbaycan Premyer Liqasının 17-ci turunda doğma meydanda “Kəpəz”i 2:1 hesabı ilə məğlub edib.


Rekord.az xəbər verir ki, “ağ-qaralar”ın baş məşqçisi Samir Abasov oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:


“Futbolçularıma təşəkkür edirəm. Nəticədən razı qaldım. Bugünkü gündə bizə nəticə lazımdır. Futbolçular mübarizə apardılar. İşimizə davam edəcəyik. Bu nəticəyə ehtiyacımız var idi.


Oyuna Boqomolski ilə başlamışdıq. Rəqib müdafiəçiləri də nəzərə almışdıq. Seçim düzgün idi. Birinci hissədə rəqibin müdafiəçilərini təzyiqdə saxlaya bilirdi. Zədələndi və əvəzetmə istədi. Bunlar hamısı bizim oyunçulardır. Futbolçularla işləyirik, yaxşı kondisiyaya gətirmək istəyirik. Reallığı bilmək istəsəz… ”Neftçi”də oynayan futbolçular bu təzyiqi də aşmalıdırlar. Təəssüf ki, psixoloji durumumuz pisdir və hər futbolçu üzərində yük hiss edir. Bunu qələbə ilə üzərimizdən ata bilərik.


Birinci gündən, bura ayaq basandan zədələr çoxdur. İlk məşqdən sonra üç nəfər zədələndi. Xroniki zədələr üzə çıxır. Birinci oyundan sonra 2-3 nəfər də sıradan çıxdı. Bu proseslər yaşanırdı. Bu da balanslı şəkildə oyuna hazırlaşmağa maneçilik törədir. Bu gün 6 nəfər zədəlimiz var idi. Çoxu da yerli oyunçulardır. Paltardəyişmə otağından çıxanda, bir şeyə fokuslanıb çıxırıq. Oyunun gedişatında nələrsə dəyişir. Rəqib bəzi anlarda üstünlüyü ələ alır. Onda problemlər yaşamağa başlayırıq. İkinci hissədə rəqibin uduza-uduza epizod yaratmağı normaldır. Görünən o idi ki, bütün futbolçular sanki birinci dəfə futbola gəlmiş kimi idilər. Qərarları deyirəm. Bunları da anlayıram. Söz vermək istəmirəm. Bir oyunumuz qalıb. Dincəlməyə vaxtımız olar”.