“Bu oyunların çempionatın nəticəsinə ciddi təsiri olacaq”
- 11:30
- 37
“Əvvəlcə bu qələbə münasibəti ilə komandamı təbrik edirəm. İlk 2 hissəni yaxşı oynadıq".
Rekord.az xəbər verir ki, bunu “Ordu”nun baş məşqçisi Alberto Blanko klubun mətbuat xidmətinə açıqlamasında deyib.
İspaniyalı mütəxəssis Azərbaycan Basketbol Liqasında “Sumqayıt” üzərində qazanılan 89:82 hesablı qələbəni şərh edib:
"Hesabda müəyyən fərq yaratdıq. Ancaq 3-cü hissədə zəif təsir bağışladıq. Həmin periodda 20 xal öndə idik. Ancaq rəqib kortəbii və şablon taktika ilə oynamasına baxmayaraq, müdafiədəki səhvlərimizdən istifadə edərək 20 xal qazandılar. 4-cü hissədə də 10 xal öndə idik, ancaq yenə də müdafiədə səhvlərimiz oldu. Bununla belə oyunda dönüş yaratmaq istəyən rəqibə bu imkanı vermədik. İlk növbədə startda yaxşı başlayıb, sonrakı hissələrdə zəif oyunumuzu düzəltməli, səhvlərin üzərində işləməliyik. Ardıcıl 4 qələbə qazandıq və buna görə sevinirəm. Qarşıda 3 vacib oyunumuz var, onlara hazırlaşacağıq. Çünki bu oyunların çempionatın nəticəsinə ciddi təsiri olacaq".