Final mərhələsi 2020-ci ildə Litvada təşkil olunacaq dünya çempionatının elit-raund oyunlarına hazırlığını Bakıda davam etdirən futzal üsrə Azərbaycan milli komandası yanvarın 13-dən məşqlərə start verib. 

Rekord.az xəbər verir ki, Özbəkistanla iki yoldaşlıq oyununda gücünü sınayacaq millinin heyətində uzun fasilədən sonra Tofiq Mikayılov da yer alıb. Təcrübəli futzalçı bununla əlaqədar Futzal Federasiyasının rəsmi saytına müsahibə verib:

- Hazırlıq necə gedir?
- Dünəndən məşqlərə başlamışıq. Amma tam heyətlə hazırlıq keçmirik. Çünki ölkə xaricində çıxış edən oyunçular komandaya qoşulmayıblar. Onlar yoldaşlıq oyunlarına qədər gələcəklər. Baş məşqçinin tələblərini yerinə yetirməyə çalışırıq. Çətin qrupda yer almışıq. Reytinq cədvəlində üst sıralarda qərarlaşan Rusiya millisinin gücü hamıya məlumdur. Xorvatiya və Slovakiyanın da nəyə qadir olduğunu bilirik. Təbii ki, rəqiblərimiz də Azərbaycan millisinin gücünə bələddir. Xorvatiyaya məqsədsiz yollanmırıq. Məşqlərdə ciddi hazırlaşırıq ki, yekunda məqsədimizə çataq.

-  Uzun fasilədən sonra millinin toplanışına dəvət olundun. Özünü necə hiss edirsən?
- “Marafon” klubuna təşəkkür edirəm ki, neçə ildən sonra məni komandaya dəvət etdi. Millinin baş məşqçisi də çempionat oyunlarını izləyib. Yəqin diqqətini cəlb etmişəm ki, millinin hazırlığına dəvət olunan futzalçıların siyahısına adım salınıb. Heyətdəkilərin də demək olar, hamısı tanıdıqlarımızdır.  

- Rəsmi oyunlara qədər Özbəkistan millisi ilə qarşılaşacağıq. Bu iki oyun bizə nə verəcək?
- Bu matçlar elit-raund qarşılaşmlarına hazırlıq üçün keçiriləcək. Hər nə qədər yoldaşlıq görüşü olsa da, oyunla bağlı tapşırıqlar var. Əlbəttə, əhval-ruhiyyəmizin yaxşı olması üçün qələbə qazanmalıyıq. Taktiki tapşırıqlarla, standart vəziyyətlərin yerinə yetirilməsi ilə bağlı baş məşqçinin tapşırıqlarını düzgün icra etməliyik. Komandada hər kəs məsuliyyətini anlayır. Bura niyə toplaşmışıq, məqsədimiz nədir, hamı bilir. Məşqlərdə də görə bilərsiniz ki, millinin uğur qazanması üçün hər kəs gücündən, qabiliyyətindən maksimum faydalanmağa çalışır. Özbəkislarla oyunlarda komandanın rəsmi qarşılaşmalara nə qədər hazır olduğunu müəyyənləşdirmək olacaq.   

- Qrupdakı rəqiblərimizi fərqləndirən əsas cəhətlər hansılardır?
- Rusiya millisinin üzvləri fiziki hazırlıq baxımından hər zaman yüksək səviyyədə olublar. Elə ən çətin rəqibimiz də onlar olacaq. Xorvatların heyətində fərdi oyun qabiliyyətinə görə seçilən futzalçılar var. Həm də doğma meydanda oynayacaqlar və çalışacaqlar bu amili lehlərinə çevirsinlər. Slovakiya isə digərləri ilə müqayisədə qrupun zəif komandası hesab edilə bilər, amma təhlükəli rəqibdir. Bizim üçün ən vacib görüş Xorvatlarla matçdır. Bu qarşılaşmanı “açar” hesab etmək olar.

- Şansları necə dəyərləndirirsən?
- Rusiyanın gücünü hamı bilir. Reallığı nəzərə alsaq, birinci oyunun nəticəsindən çox şey asılıdır. Xorvatiya ilə görüş bizim üçün finala bərabərdir. Qələbə qazanmalıyıq ki, ən azı pley-off mərhələsinə yaxın olaq. Təbii ki, ora sırf ikinci yeri tutmaq üçün getmirik. Məqsədimiz ən yüksək nəticəni əldə etməkdir. Yenə deyirəm, heyətimizdə yer alan futzalçıların hamısı təcrübəlidirlər. Hər kəs işini bilir. İnanırıq ki, yenidən final mərhələsində Azərbaycan millisi də yer alacaq.