“Turan Tovuz”un baş məşqçisi Ayxan Abbasov Premyer Liqanın 11-ci turu çərçivəsində “Kəpəz”ə qarşı keçirdikləri oyundan sonra fikirlərini bölüşüb.

Rekord.az xəbər verir ki, o, 4:0 hesabıyla qalib gəldikləri matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“Çətin oyun oldu. Hər iki komanda üçün vacib oyun idi. Bilirdik ki, “Kəpəz” sonuncu pillədən qurtulmaq üçün daha da motivasiya ilə mübarizə aparacaq. Neçə oyun idi evdə qələbə qazana bilmirdik. Azarkeşlərimizin qarşısında qələbə qazanıb onları sevindirmək istəyirdik. Turnir cədvəli də həqiqətən çox gərginləşib. Bu qələbəyə ehtiyacımız var idi. İkinci hissə açıq futbol getdi. Çempionat başlayandan çox epizodlar qaçırmışdıq. Bu gün fürsətləri qola çevirik. Komandamı təbrik edirəm. Bundan sonra daha çətin olacaq. Sevindirici hal odur ki, bu gün akademiyamızın yetirməsinə debüt üçün şans yaratdıq. 18 yaşlı Cavid Qasımov bu gün ilk oyununa çıxdı. Akademiya məşqçilərinin, işçilərinin  hamısını təbrik edirəm. Bu onların əməyidir. Biz də çalışdığımız qədər gənc futbolçulara motivasiya vermək üçün belə addımlar atacağıq. Rəhbərliyi, azarkeşlərimizi təbrik edirəm. Qarşıdan çətin oyunlar gəlir.  Bu oyunlara hazırlaşacağıq”.