“Bu turnir Azərbaycanın böyük yarışları qəbul edə bildiyinin sübutudur”
- 31 May 2022 12:15
- 487
Stend atıcılığının səngər növü üzrə qadınlar və kişilər arasında keçirilən final yarışının qalibi finlandiyalı Noora Antikaynen, kişilər arasında keçirilən yarışın qızıl medalçısı çexiyalı Liptak Jiri olub.
Rekord.az xəbər verir ki, stend atıcılığının bugünkü final yarışını gənclər və idman naziri Fərid Qayıbov Bakı Atıcılıq Mərkəzində izləyib. Nazir qaliblərə medalları təqdim edib.
“Hazırda burada 66 ölkədən 700-dən artıq idmançı iştirak edir. Bu da dünya kuboku üçün böyük rəqəmdir. Bu turnir Azərbaycanın böyük yarışları qəbul edə bildiyinin sübutudur” – nazir jurnalistlərə açıqlamasında bildirib.
Yarışların yüksək səviyyədə təşkil olunduğunu qeyd edən nazir əlavə edib:
“Bu idman növündə bizim adət-ənənələrimiz var. Sadəcə, bunu geri qaytarıb, inkişaf etmək lazımdır. Bunun üçün işlər görülür. Federasiya bu məsələrlə bağlı çalışır. Biz də bunu görürük”.
Daha sonra gənclər və idman naziri komandamızın nəticələrinə də toxunub:
“Bilirsiz ki, Ruslan Lunyov bu il çox yaxşı nəticələr əldə edib. Amma doğma meydanda həyacanlıdır. Onun hələ də medal qazanmaq üçün şansı var. İnanıram ki, bu il də onun üçün uğurlu olacaq. Ümumiyyətlə, digər idmançılarımız da müəyyən çətinlik dövründən sonra yaxşı nəticələr əldə edəcəklər. Komandamızın heyətində gənc atıcılarımız var. Yenə qeyd edirəm ki, bizdə atıcılıqla bağlı adət-ənənə var. Ən əsası da düzgün idarəçilik var. Düşünürəm ki, bunların hamısı nəticə verəcək”.
Özünün atıcılığa marağı ilə bağlı suala isə Fərid Qayıbov belə cavab verib:
“Mənim gözüm bir az pis görür. Məndə heç vaxt atıcılıq alınmayıb (gülür). Bizim məktəbdə bu idman növü üçün şərait var idi. Özümü Qəbələdə 1-2 dəfə stend atıcılığında yoxlamışam. Bir neçə dəqiq atışım olub”.
Nazir idmançıların Bakı Atıcılıq Mərkəzininin dünya standartlarından üstün qiymətləndirməsini Azərbaycan idmanı üçün yüksək göstərici hesab etdiyini bildirib:
“Bilirsiz ki, burda ilk Avropa oyunları keçirildi. Həmin hadisə Azərbaycan üçün böyük nəticə idi. Oyunlar üçün fərqli məkanlar lazım idi. Yeni idman mərkəzləri tikildi. Mövcüd məkanlar təmir olundu. Bu gün Azərbaycana ancaq dünya kubokunda iştirak etmək üçün gəlmirlər. Bakı Atıcılıq Mərkəzinə dünyanın müxtəlif ölkələrindən təlim-məşq toplanışına gələnlər də var. Təbii ki, bu, iqtisadi cəhətdən də bizim üçün yaxşıdır. Həm də azərbaycanlılar digər ölkənin atletləri ilə birgə məşq edirlər. Bundan əlavə, xariclərdən nəsə öyrənirlər”.
Gənclər və İdman naziri Azərbaycanın gözəl idman məkanları – gimnastika, su idmanı sarayı olduğunu bildirib, belə məkanların təkcə Bakıda deyil, bölgələrdə də olduğunu, Azərbaycanın bölgələrində də beynəlxalq səviyyəli yarışlar keçirməyin mümkünlüyünü vurğulayıb:
“Təlim-məşq toplanışları üçün də Azərbaycan yaxşı yerdir. Dağlıq ərazilərimiz, dənizimiz var. Bir sözlə, Azərbaycanda idman üçün hər cür şərait var. İnşallah, nəticələrimiz də buna uyğun olacaq”.