Budaq Nəsirovun hərəkətini təkrarladı Almaniyada gündəm oldu VİDEO
- 26 Okt 2019 14:30
- 892
Dünən 2-ci bundesliqada baş tutan "Holştayn Kill" - "Bohum" matçı diqqət mərkəzinə düşüb. Daha dəqiq desək hakimin bir qərarı hamı tərəfindən maraqla qarşılanıb. Belə ki, meydan sahiblərinin ehtiyat oyunçusu penaltiyə səbəb olub. Gülməli görünsə də, belədi. "Bohum"un hücumçusu Silver Qanvula rəqibin cərimə meydançasına daxil olaraq zərbə endirdikdən sonra top qapıdan yan keçərək çıxmaq üzrəykən qapının yanında isinmə hərəkətləri edən 23 yaşlı Mihael Ebervayn onu meydana qaytarır. Bu epizodu diqqətdən qaçıran baş hakim VAR-a baxır və penalti təyin edir. Silver Qanvula isə penaltini dəqiq vurur. Təəccüblü olsa da, oyunun qaydaları bunu tələb edir. Əgər oyuna hər hansı komandanın rəsmiləri, ehtiyat, əvəz olunmuş və ya cəzalanmış oyunçu tərəfindən müdaxilə edilərsə matç penalti ilə bərpa olunur.
Bu, nə qədər qəribə olsa da ilk belə hal deyil. Məsələn, 2017-ci ildə "Sportinq B" komandası ilə "Akademik"in oyununda həmyerlimiz Budaq Nəsirov qapının arxasında isinmə hərəkəti edərkən topu əllə saxlamışdı. Hakim ona xəbərdarlıq edərək 11 metrlik nöqtəni göstərmişdi.