İki gündən sonra ölkəmizdə yeni futbol mövsümü start götürür. Yeni sponsorun adı ilə “Misli Premyer Liqası” adlanacaq mövsümdə bütün komandalara bəribaşdan uğurlar arzulayırıq. Amma təəssüflə qeyd etməliyik ki, komanda sayı 10-a yüksəldilsə də, keyfiyyət baxımından yüksəliş yox, enişin şahidiyik. Xüsusilə uzun illərin müzakirələrindən və ictimai qınağından sonra futbol elitasına qaytarılan “Kəpəz” və “Turan Tovuz”la bağlı. Həqiqəqtən də ortada gülməli mənzərə yaranıb.

 

İlk növbədə, bu komandaların heç birinin büdcəsi təsdiqlənməyib. Yəni kim yola hansı büdcə ilə çıxır, məlum deyil. Bunun özü bir anormallıq. İkincisi məsələ, infrastrukturla bağlı ciddi problemlər var. “Kəpəz”də vəziyyət xüsusilə acınacaqlıdır. Hətta iş o yerə çatıb ki, Gəncə stadionu qəzalı vəziyyətdə olduğu üçün Fövqəladə Hallar Nazirliyi burada oyun keçirilməsinə icazə verməyib və “Kəpəz” Bakıya köçəsi olub. “Turan Tovuz”da bu baxımdan vəziyyət nisbətən qənaətbəxş olsa da, orada da ciddi problemlər var. Media sektoru demək olar ki, yoxdur, oyunu canlı yayımlamaq üçün lazımı şərait, gec saatlarda oyun keçirmək üçün işıqlandırma sistemi də həmçinin yoxdur. Soyunub-geyinmə otağından meydanaya gəlmək üçün azarkeşlərin arasından keçməlisən. Ona görə də polis süni keçid yaratmalı olur. Hər iki komandanın nəqliyyatı da yoxdur. Futbolun İnkişaf Fondu (FİF) “Turan Tovuz”a avtobus alınması üçün ianə kampaniyasına start verib. Kobud desək, əl açıb pul yığırlar.

 

Bu cür köklü klubları niyə bu vəziyyətə salırsınız ki? Komanda sayının artımını hamımız istəyirdik, “Kəpəz”in, “Turan Tovuz”un elitaya gəlişini hamımız arzulayırdıq, amma bu formada yox. Ən maraqlıdı bilirsiniz nədir? Büdcəsi təsdiqlənməyən, infrastrukturu yetərli vəziyyətdə olmayan, oyuna getməyə avtobusu olmayan komandalara lisenziya verib yüksək liqaya buraxırlar. Əcaba, bu durumda bu komandalar lisenziyalaşdırma şərtlərini necə yerinə yetiriblər, maliyyə, infrastruktur kriteriyalarını necə yerinə yetiriblər? Lisenziyalaşdırma Komitəsi bu əndrabadi, baş-ayaq qərarına necə don geyindirə bilər? Belə çıxır ki, peşəkarlıq, qayda-qanun, reqlament filan hamısı boş şey imiş. Necə ki, illərdi biz də bunu deyirik, yazırıq.

 

Anar XANLAROV