“Qarabağ”ın futbolçusu Donald Gerye müsahibə verib.

Rekord.az xəbər verir ki, “sport.se.pl” saytına danışan haitili futbolçu Azərbaycandakı vəziyyət və “Qarabağ”ın UEFA Avropa Liqasının pley-off mərhələsində keçirəcəyi “Legiya” ilə oyun barədə fikirlərini bölüşüb:

- Ən vacib məsələ ilə başlayaq. Bakıda, Azərbaycandakı vəziyyət necədir? Dağlıq Qarabağ probleminin gündəmə gəlməsi sizə nə dərəcədə təsir edir?
- Bu məsələyə toxunmaq istəmirəm, bunun haqqında çox danışmışıq. Təbii ki, ətrafımda nələrin baş verdiyini görə bilirəm. Yaxşı ki, Bakıda hər şey normaldır. Düzdür, bəzi məhdudiyyətlər var, məsələn, saat 21:00-dan sonra çölə çıxa bilmərik. Bütün bunlara baxmayaraq, normal şəkildə işləməyə çalışırıq.

- Qarşıda “Legiya” ilə matç var. Bu oyunun favoriti kimdir?
- Oyunun səfərdə keçirilməsinin mənim üçün heç bir əhəmiyyəti yoxdur. Belə bir zamanda vacib olan komandanın əzmkarlığıdır. Kim daha çox çalışsa, o da qalib gələcək.

- Mövsümə yaxşı başlamadız. Bu, “Qarabağ”ın son 7 ildəki ən pis başlanğıcıdır. Səbəb nədir?
- İlk növbədə komandada bir neçə zədəlimiz var. İkinci isə keçirəcək çox oyunumuz var, iki cəbhədə mübarizə aparırıq. Bu səbəblə, yorğunluq olur. “Legiya”nın bizimlə oyuna hazırlaşmaq üçün çempionat oyununu təxirə saldığını eşitdim. Məncə, “Legiya” və “Lex”in oyunu təxirə salmaq fikri pis deyil. Futbolçu maşın, robot deyil, bəzən yoruluruq.

- Bu mövsüm Çempionlar Liqasında iki qol vurdun. İndiyədək “Legiya”ya qol vurmusan?
- “Visla”da çıxış edərkən “Legiya”ya iki qol vurmuşam. İndi daha birini vurmağa çalışacam. Bunu bacarsam, xüsusi Haiti rəqsi edəcəm.

- Deyəsən, bir il əvvəl “Legiya”dan təklif almışdın.
- Bəli, sonra daha bir neçə təklifim oldu. Üstəlik, bu məsələlərdə menecerimlə anlaşılmazlıq yaşadıq.

- “Legiya”nın hazırkı futbolçularını tanıyırsan?
- Həyat yoldaşımın ailəsi ilə danışdım, onlar hazırda “Legiya”nın necə çıxış etdiyini dedilər. Üstəlik “Qarabağ”da məndən “Legiya” barədə soruşdular. Qarşımızda çətin bir vəzifə var, “Legiya” çox yaxşı komandadır.