"Bunu edənlər təxribatçılar olub və onların "Xəzər Lənkəran"a aidiyatı yoxdur": məsələ ilə bağlı polisə müraciət olundu
- 24 Okt 2019 18:00
- 1113
Şənbə günü U-17 liqasında “Xəzər Lənkəran”la “Kəpəz” qarşılaşıb.
Rekord.az xəbər verir ki, cənub bölgəsində keçirilən qarşılaşmada insident yaşanıb.
Belə ki, oyunun gedişində yerli komandanın azarkeşləri meydana yad əşyalar atmaqla yanaşı, qonaq komandanın futbolçularını da söyüblər. Oyun bitəndən sonra isə uduzan (1:2) yerli komandanın azarkeşləri meydana çıxaraq "Kəpəz"in futbolçularını vurmağa başlayıblar. Azarkeşlərin meydana daxil olması ilə birlikdə hər iki komandanın futbolçuları davaya qoşulub. Təəssüf ki, oyun zamanı stadionda polis və təhlükəsizlik xidmətinin əməkdaşları olmadığı üçün dava-dalaş böyüyüb. Əldə etdiyimiz məlumata görə, komandalar paltardəyişmə otağına daxil olandan sonra belə lənkəranlı azarkeşlər qonaq futbolçuları döymək üçün müxtəlif üsullara əl atıblar.
Şənbə günü Lənkəranda yaşananlarla bağlı “Xəzər Lənkəran”ın mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu ilə əlaqə saxladıq: “6 yaşımdan Lənkəran stadionuna gedib-gəlirəm. Mən hələ belə yeniyetmə görməmişdim. Sözün həqiqi mənasında başverənlərə görə şok keçirdim. “Kəpəz”lə matçdan iki tur əvvəl 1500 azarkeşin izlədiyi qarşılamada “Xəzər Lənkəran”ın U-17 komandası “Zirə”yə 0:4 hesabı ilə uduzmuşdu. Onu da qeyd edim ki, həmin matçda komanda böyük hesabla uduzmasına baxmayaraq, daha yaxşı təsir bağışlamışdı. Həmin matçda heç bir insident qeydə alınmadı. “Kəpəz”lə görüşdə isə heç nədən bir qrup - heç vaxt “təxribatçı” sözündən xoşum gəlməsə də, indi bu sözü deməyə məcburam – yeniyetmə qonaq komandanın üzvlərinin üzərinə hücum çəkib onları vurmağa çalışdı. Bəzi saytlarda həmin vaxt stadionda polislərin olmadığı yazılıb. Lənkəranda olmaya-olmaya belə şeylərin yazılması özü belə ayıbdı. Məhz Post Patrul Xidmətinin və stadionun təhlükəsizlik xidmətinin əməkdaşlarının sayəsində xoşagəlməz hadisəni törədənlər ərazidən uzaqlaşdırıldı, qonaqların avtobusu asayiş keşikçilərinin müşayiəti altında sağ-salamat yola salındı. Sizi əmin edirəm ki, həmin yeniyetmələrin kluba heç bir aidiyyatı yoxdu. Əllərində dəmir, asayişi pozmağa çalışan həmin başıpozuq dəstə hətta klubun bazasını da “daş atəşinə” tutmuşdular. Onlar “Xəzər Lənkəran” azarkeşləri olsaydı, məncə, bu addımı atmazdılar. Təvazökarlıqdan kənar olmasın, Lənkəranda iki nəfər dalaşanda mən araya girəndə hörmət xatirinə özlərini yığışdırırlar. Ancaq “Kəpəz”lə matçda aranı qatan yeniyetmələr heç kimə və heç nəyə baxmırdılar. Yenə deyriəm, ilk dəfə belə mənzərə ilə üzləşirdim”.
“Ağ-yaşıllar”ın mətbuat katibi “Kəpəz”lə görüşdə başverənlərlə bağlı hüquq-mühafizə orqanlarına müraciət etməyi planlaşdırdılarını da dedi: “Stadionda və yaxın ətrafda kameralar var. Həmin kameralarda qeydə alınan videoyazıları əldə edib polisə müraciət edəcəyik. Hazırda bu yöndə iş davam etdirilir. Kimlərin bu işdə əli varsa, hüquq-mühafizə orqanlarının vasitəsilə üzə çıxaracağıq. Yəqin ki, onda bilinəcək, bu təxribatı törədənlər kimlərdi və onlar hansı maraqlar səbəbindən belə addım atıblar. Matç zamanı insidentə səbəb olacaq heç bir hadisə yaşanmadı. Nə bizim, nə də qonaq futbolçular artıq-əskik hərəkətə yol vermədilər ki, deyək məhz bu səbəbdən bir qrup azarkeş meydana daxil oldu və matçdan sonra qonaqlara fiziki təzyiq göstərməyə çalışdılar. Bütün suallara polisin araşdırmasından sonra aydınlıq gələcək”.