“Bura gəlmişiksə, əliboş dönməməliyik” – “Araz”ın yeni transferi
- 27 Okt 2021 22:59
- 466
Futzal üzrə UEFA Çempionlar Liqasının əsas mərhələsində sabah “Uraqan”la qarşılaşacaq “Araz” (Naxçıvan) bu gün oyunun keçiriləcəyi zalda son məşqini keçirib.
Rekord.az xəbər verir ki, təxminən 1 saat davam edən hazırlıq prosesindən sonra Azərbaycan təmsilçisinin son transferi David Qustavo federasiyanın rəsmi saytına müsahibə verib.
- Karyeran haqda qısa hansı məlumatları vermək istərdin?
- Braziliya Birinci Liqasında başladım. 4 il bu liqada iştirak etdim. Daha sonra Avropaya yollandım. Belçikanın “Hallo-Gooik” klubunda çıxış etdim. Ardınca Fransanın “Monpele” komandasının da formasını geyindim. Növbəti dayanacağım fərqli qitə oldu. Belə ki, Qətər klublarından birindən gələn təklifi dəyərləndirdim.
- Amma beynəlxalq oyunlarda iştirak etməmisən?
- Xeyr. İlk dəfə UEFA Çempionlar Liqasında mübarizə aparacam. Əlbəttə, buna görə sevinirəm. İdmançı üçün beynəlxalq oyunlarda iştirak etmək, uğur qazanmaq əvəzolunmaz hisslərdir. Ümid edirəm ki, mənim də siftəm uğurla yadda qalacaq və karyeramda yaxşı bir təcrübə olacaq.
- Təxminən 20 gündür “Araz”ın düşərgəsindəsən. Uyğunlaşa bilmisən?
- Əlbəttə, bunun öhdəsindən gəldiyimi deyə bilərəm. Çünki əla kollektivimiz var. Hər keçən gün bir-birimizi daha yaxşı başa düşürük. Həm də peşəkarlarla işləmək, bir komandada yer almaq çətinlik yaratmır. Baş məşqçi və heyətdə bir neçə həmyerlim var. Bu amil də mənə xeyli kömək edir.
- Azərbaycan təmsilçisindən təklif alana qədər ölkəmiz haqda məlumatlı idin?
- Açığını deyim, yox. Amma artıq buradayam və buna görə də peşman deyiləm. Ölkəniz mənim üçün maraqlıdır. Gözəl şəhəriniz var, mətbəxiniz zəngin və dadlıdır, insanlarınız aqressiv deyil. Həm də burada braziliyalı futzalçıların olması da seçimimə təsir etdi. Çünki dil, ünsiyyət problemim yoxdur. İngilis dilini bilməyim də işimə yarıyır.
- Mətbəximizdən hansı yeməyi bəyənmisən?
- Kababı çox sevirəm. Xüsusilə də lülə kababı. Qətərdə oynayan vaxt orada da yemişdim bu kababdan. Amma sizdə bir qədər fərqli bişirirlər. Burada yediyim daha dadlıdır.
- Bakını da gəzməyə vaxt tapmısan..
- Bəli, gəzmişəm, çoxlu şəkillər çəkdirmişəm. Həmin şəkilləri ailəmə də göndərdim, onlar bu cür gözəl şəhərdə yaşadığıma görə çox sevinirlər. Həqiqətən də düşündüyümdən daha yaxşı şəhər gördum. İnternetdən də müəyyən bilgilər əldə etmişdim. Əyani görmək isə bir başqadır.
- Qayıdaq Çempionlar Liqasına. Qrupumuz haqda nə düşünrsən?
- Çətin qrupda yer almışıq. İşimiz heç də asan olmayacaq. Ancaq komanda yoldaşlarım əvvəlki mərhələdə yaxşı iş görüblər. Həmin uğurun davamını gətirməliyik. Bunun üçün də hər oyuna yüz faiz məsuliyyətlə, ürəklə yanaşmalıyıq. Bu cür olacağına əminəm. Komanda yoldaşlarıma inanıram və yekun nəticənin bizi sevindirəcəyinə ümidliyəm.
- Start “Uraqan”la olacaq. Bu komandanın oyununu izləmisənmi?
- “Xerson”la son turda keçirdikləri matça baxdıq. Fərqli taktika ilə oynayırlar. Fiziki planda güclüdürlər. Fərdi keyfiyyətlərinə görə seçilən futzalçıları var. Amma mübarizə aparmaq, sərfəli nəticə qazanmaq mümkündür.
- Amma ciddi itkilərlə çıxacağıq.
- Təəssüf ki, Rizvan, İsaq bizə kömək edə bilməyəcək. Xətai də ilk oyunda meydana çıxmayacaq. Əlbəttə, hər bir oyunçunun yoxluğu komanda üçün itkidir. Lakin elə etməliyik ki, onların yoxluğu aşkar şəkildə görünməsin. Heyətimizdə rotasiya etmək üçün futzalçılar var. Baş məşqçimizin də müəyyən planları var. Bura gəlmişiksə, əliboş dönməməliyik.
- Oyunun keçiriləcəyi zalda ilk məşq necə alındı?
- Yol yorğunluğuna baxmayaraq yaxşı məşq etdik. Örtük yaxşıdır, elə sabah oynayacağımız top da xoşuma gəldi. Uşaqlar çox itəklidirlər. Qalır bu istəyi meydanda göstərmək və nəticəyə çevirmək. Bunu bacaracağıq.
- Şansınız necə faizdir?
- 60 faiz dəyərləndirərdim. Bu ümumi qrupun yekun nəticəsi ilə bağlıdır.