Futbol üzrə Türkiyə yığmasının və “Beşiktaş”ın hücumçusu Burak Yılmaz İstanbul klubundan ayrılmağa qərar verib.

Rekord.az xəbər verir ki, 35 yaşlı futbolçu yeni mövsümdən karyerasını Fransanın “Lill” klubunda davam etdirəcək.

Türkiyə mətbuatının məlumatına görə, təcrübəli forvard artıq həm “Beşiktaş”la, həm də Fransa təmsilçisi ilə bütün məsələlərdə razılığa gəlib. Super Liqanın son turu çərçivəsində “Gənclərbirliyi” ilə görüşdə sonuncu dəfə “Beşiktaş” formasıyla meydana çıxacaq Burak klubdan almalı olduğu 12 milyon TL-nin 4 milyonundan imtina etməklə azad agent statusu əldə edəcək. Bu üzdən də “Lill” “Beşiktaş”a bu transfer qarşılığında heç bir məbləğ ödəməyəcək. Yılmaz Liqa 1 təmsilçisi ilə iki illik müqaviləyə imza atacaq.

Qeyd edək ki, Burak Yılmaz bu mövsüm “Beşiktaş”ın heyətində meydana çıxdığı oyunlarda 13 qola imza atıb. O, “Lill”də forma geyinən Zeki Çelik və Yusuf Yazıcıdan sonra Fransa klubunun heyətinə qatdığı üçüncü türk futbolçu olacaq.