“Bütün dünyaya Azərbaycan ordusunun nəyə qadir olduğunu döyüş meydanında sübut etdik” ADBTİA-nın tələbəsi
- 11 Dek 2020 11:56
- 808
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının Multimedia mərkəzinin nəzdində olan ASAPES GOLD radiosu fəaliyyətə başlayıb. Daha öncə ASAPES GOLD radio İdman Akademiyasında yaradılan, tədrisi ingilis dilində aparılan, modul tipli İdman jurnalistikası magistr proqramının tədris prosesində geniş şəkildə tətbiq olunub. Akademiyada start verən yeni layihə fərqli və maraqlı mövzularla dinləciyilərin görüşünə gələcək. Bunlardan biri – “Qaliblər” layihəsi isə artıq start götürüb. Radionun bu layihə ilə başlanğıc götürməsi heç də təsadüfi deyil. Çünki 44 günlük Vətən müharibəsində Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ADBTİA) 60-dan çox tələbəsi döyüşlərdə iştirak edib. Bu verilişdə Vətən borcunu ləyaqətlə yerinə yetirən igidlərimizi daha yaxından tanıyacaq və tanıtdıracayıq. Layihənin ilk qonağı olan Akademiyanın 5-ci kurs tələbəsi Elnur Əkbərov çıxışında döyüşlərin başladığı ilk günlərdən ordu sıralarına qoşulduğunu, torpaqlarımızın düşmənin işğalından azad edilməsi uğrunda sonadək vuruşduqlarını, hər an xalqın dəstəyini və inamını hiss etdiklərini bildirib:
“Xalqımızın ordumuzun gücünə, cənab Ali Baş Komandanın verdiyi əmrə necə hörmət və inamla yanaşdığını döyüşlərə istiqamət aldığımızda anladıq. Döyüşlərdə iştirak etdiyimiz ilk gündən bizim yalnız bir məqsədimiz var idi, o da qalibiyyət idi. Biz 44 günlük müharibənin nəticəsində bütün dünyaya Azərbaycan ordusunun nəyə qadir olduğunu döyüş meydanında sübut etdik”.
Vətən müharibəsi qazisi müharibənin davam etdiyi günlərdə - Füzuli istiqamətindəki döyüşlər zamanı yaralandığını da qeyd edib:
“Yaralandığım anda dərhal döyüş yoldaşlarım mənə köməklik göstərdi, döyüş meydanından təxliyyə edildim. Necə ki, biz ön cəbhədə düşmən qarşısında sinəmizi sipər edib onlarla vuruşurduqsa, arxa cəbhədə də həkimlərimiz bizlər üçün əllərindən gəldiklərinin ən yaxşısını etməyə çalışdılar”.
Qeyd edək ki, qazimiz Elnur Əkbərov təhsil aldığı Akademiyanın Elmi-tədris laboratoriyasında reabilitasiya dövrünü keçir.