Xəzər Rayon Gənclər və İdman İdarəsi və A.F.S.O Azərbaycan Döyüş Liqasının birgə təşkilatçılığı ilə Buzovna İdman Kompleksində uşaq və yeniyetmələr arasında kikboksinq idman növünün Shoot Fight versiyası üzrə açıq birincilik keçirilib.

Rekord.az xəbər verir ki, turnir Azərbaycan Respublikasının Dövlət Himni ilə açıq elan edilmiş, Ümummilli lider Heydər Əliyev və Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə Xəzər rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Əliyev, A.F.S.O Azərbaycan Döyüş Liqasının Prezidenti Asim İsmayılovi, Vətən Kikboksinq Klubunun direktoru Anar Heydərquliyev, İdman Klublarının rəhbərləri, məşqçilər və idmançılar iştirak ediblər. Tədbirin keçirilməsində əsas məqsəd kikboksinq idman növünün inkişafı, rayon üzrə idman kütləviliyinin təbliği və təşviqi, həmçinin gənclərin asudə vaxtlarının səmərəli təşkilindən ibarətdir.

Turnirdə müxtəlif çəki dərəcələri üzrə uşaq və yeniyetmələr yer uğrunda gərgin mübarizə aparıblar. Turnirin qalibləri İdarə tərəfindən diplom və medallarla təltif ediliblər.