Qərar - insanın təfəkkür fəaliyyətinin nəticəsi olub, hansısa nəticəyə və ya tələb edilən fəaliyyətə gətirib çıxarır. Qərar həm müəyyən çıxarış ola bilər ki, insanlar onu sonrakı addımları hesablamadan qəbul edərlər. Digər tərəfdən də fəaliyyətin hazırlanması, alternativlərdən birinin seçilməsi və onun reallaşdırılması ola bilər. Təfəkkür fəaliyyətinin bütün nəticələri qərar ilə nəticələnmir. Sadə qərarlar eyni bir insan tərəfindən həm hazırlanır, həm də reallaşdırılır. Daha mürəkkəb qərarlar əmək bölgüsü vasitəsilə insanlar qrupunun cəlb edilməsini tələb edir. Hansısa rəhbərin fəaliyyəti təşkilatda icra etdiyi vəzifə öhdəlikləri çərcivəsində qərarların qəbulu və reallaşdırılması ilə bağlıdı. Herbert Saymon klassik əsərində idarəetmə qərarları prosesini rəhbərlik prosesinə sinonim kimi qəbul edir. Öz öhdəliklərini icra edərkən menecerlər qərarlar qəbul edirlər və bu zaman uğur gözləyirlər.

 


Beləliklə, qərar alternativin seçilməsidi. Hansısa fərdin və ya kollektivin hərəkət fəaliyyətinə əvvəlcədən qəbul edilmiş qərar əsas verir. Qərarlar ayrı-ayrı şəxsiyyətlərin, həm də sosial qrupların davranışının universal formasıdı.


Bu gün sizə Azərbaycan futbolunun bəlkə də tarixinə təsir edən bir qərardan bəhs edəcəyik. Məhz bunun nəticəsində ölkə futbolu üçün çempionluqlar, uğurlar əldə edən bir şəxs formalaşıb. Çox uzatmadan keçək məsələnin məğzinə...


Bir neçə gün öncə “İnter”in (hazırkı “Keşlə”) sabiq baş məşqçisi Valentin Xodukinin vəfatı ilə bağlı Alı Alıyevlə əlaqə saxlamışdım. Bu klubun sabiq funksioneri ukraynalı ilə bağlı fikirlərini bildirəndən sonra ötən illərdə baş verən bir hadisəni danışdı. Başverənləri onun dilindən diqqətinizə çatdırıram: “Qurban Qurbanovun karyerasının son vaxtları idi. O zaman “İnter”də çıxış edirdi. Bizdə 3 oyun oynadıqdan sonra karyerasını bitirdi. 2005-ci ilin noyabrında vida oyunu keçirdik. Bu matçda milli komandanın üzvləri və premyer-liqanın legionerləri iştirak etdilər. Maraqlı qarşılaşma olmuşdu. Bundan sonra Qurbanov “İnter”də idman direktoru vəzifəsində işləməyə başladı. O, yerli futbolu çox yaxşı bilirdi. Legioner həyatı yaşamasına baxmayaraq, Azərbaycanda baş verən hər şeydən xəbərdar idi. Bu səbəbdən də “İnter”də işləri yaxşı gedirdi. Hamı ona hörmət edirdi. 2006-ci ildə Anatoli Konkov komandadan ayrıldı. Onu əvəzləyən köməkçisinin məşq üslubu “İnter”ə uyğun deyildi. Bu səbəbdən də Cahangir Hacıyev yeni mütəxəssis axtarışındaydı. Hamı düşünürdü ki, Qurban Qurbanov baş məşqçi olacaq. Qərar belə idi ki, məşqçilər korpusu yığışıb, klubunun fəxri prezidenti ilə bu barədə danışsın. Mən rayonda idim. Futbolçular sözü bir yerə qoyub, Cahangir müəllimlə görüşə gediblər. Əvvəlcə mənə zəng etdilər. Onlara dedim ki, gözləyin, mən də gəlim, amma çifayda. Nə isə, futbolçular Cahagir Hacıyevlə görüşüblər ki, bəs Qurban Qurbanov baş məşqçimiz olsun. O da buna əsəbləşib. Hacıyev həmişə düşünürdü ki, Qurbandan yaxşı məşqçi olmayacaq. Bu üzdən də Xodukini komandaya dəvət etdi. Düzdü, ukraynalı ilə “İnter” uğurlu nəticələr qazandı, amma Hacıyev fikrində yanıldı. Beynəlxalq Bankın sabiq rəhbəri hətta Qurbanı komandadan uzaqlaşdırmaq üçün “Simurq”a baş məşqçi göndərmək istəyirdi. O da bölgədə işləmək istəmədiyini bildirərək, təklifi qəbul etmədi. Həmin dövr üçün elita klubundan diviziona getmək karyeranı başlamadan bitirmək demək idi. Daha sonra olanları özünüz bilirsiz”.


Bu əhvalat bizdə əminlik yaratdı ki, futbola qəlbən bağlanmayanlar, məcburiyyətdən sərmayə qoyanlar yanlış idarəçilik üsulları, qərarları ilə futbolumuzu pis günə qoydular. Baxın, Qurban Qurbanovun potensialına inanmayan, kollektivin fikrinə məhəl qoymayan sabiq klub rəhbəri hazırda həbsxanada yatır, onun güvənmədiyi şəxs isə Azərbaycan futbolu üçün tarix yazır. Yaxşı ki, Cahangir Hacıyev öz fikrində əmin olub. Bəlkə də o vaxt Qurban Qurbanov “İnter”də baş məşqçi olsaydı, indi bu qədər uğurlar qazana bilməyəcəkdi. Səhv qərar verib, fikrinizdə yanıldığınıza görə Azərbaycan futbolunu sevənlər sizə təşəkkür edir, cənab Hacıyev! ("Futbol plus")