"Çalışdıq ki, Çempionlar Liqasına toxunulmasın" - "Qarabağ"ın ECA-dakı nümayəndəsi
- 10 Okt 2019 22:09
- 1026
Bugünlərdə Azərbaycan futbolu üçün sevindirici xəbər aldıq. Məlum oldu ki, "Qarabağ"ın baş meneceri Asif Əsgərov yenidən Avropa Klublar Assosiasiyasının (ECA) İşçi Qrupunun katibi seçilib.
Rekord.az xəbər verir ki, o, "Milan"ın prezidenti İvan Qazidisin rəhbərlik etdiyi qrupda 4 il xidmət göstərəcək. Asif Əsgərov bu qrupda "Tottenhem", "Arsenal", "Ayaks", "Zalsburq", "Yuventus", "Barselona" və "Borussiya" (Dortmund) rəsmiləriylə birlikdə yer alıb.
"Qarabağ" rəsmisi iki il İşçi Qrupunun üzvü olub. Bu hal Azərbaycan futbol tarixində ilk və yeganədir. Odur ki, Asif bəydən Sportinfo.az-ı maraqlandıran suallara cavab verməsini xahiş etdik.
- Əvvəla, sizi bu yüksək vəzifəyə seçilməyiniz münasibətilə təbrik edirik. Doğrudan da, bu, mühüm hadisədir. İstərdik ki, Avropa Klublar Assosiasiyasındakı fəaliyyətinizlə bağlı ətraflı məlumat verərdiz.
- Təbrikə görə çox sağ olun. Bildiyiniz kimi, ECA xeyli müddətdir yaranıb. Birinci ideyası Avropa klublarını birləşdirmək olub. Bir müddət sonra məsələ çox dərinləşməyə başladı. Hazırda UEFA-nın İcraiyyə Komitəsində ECA-nın 2 nümayəndəsi – "Yuventus"un prezidenti Andrea Anyeli və PSJ-nin prezidenti Nasir əl-Xəlifi yer alır. ECA hazırda Avropada klublar adına olan bütün məsələlərdə dominantlıq edən bir quruma çevrilib. Burada qəbul olunmuş qərarları elə UEFA-nın qərarları kimi saymaq olar. Çünki UEFA həmin qərarların altından, sadəcə, qol çəkir. Bu, hər iki tərəf üçün münasibdir. UEFA klublar bapədə qərar verəndə, gördüklərinə əsaslanır. ECA isə birbaşa prosesin içindədir, problemlərdən xəbərdardır, harada nə etmək və nəyi dəyişmək lazım olduğunu bilir. Klublar bir yerə toplananda, hərəsi öz dərdini dediyinə görə ortaq məxrəcə gəlmək olur. Bu da UEFA-ya sərf edir. Ona görə də fikirləşirlər ki, ECA-nın qərarlarını təsdiqləsək, klublarda bizə qarşı neqativ münasibət yaranmayacaq. UEFA Çempionlar Liqası, Avropa Liqası və yeni yaradılan Konfrans Liqasıyla bağlı bütün dəyişiklərin ECA tərəfindən ediləcəyinə əmindir. İldə iki dəfə ECA-nın baş assamleyası keçirilir. Avropa Klublar Assosiasiyasının həm əsas, həm də assosiativ üzvləri var. Əsas üzvlər səsvermə hüququna malikdilər, assosiativ üzvlər isə müşahidəçi qismində toplantılarda iştirak edirlər. ECA-da klublar UEFA-nın ölkə reytinqinə əsasən, 4 "diviziya"ya bölünüb. Biz 2 il əvvələdək ən axırıncı hissədə idik. Bu da, təbii ki, əldə olunan nəticələrə – "Qarabağ" və "Qəbələ"nin ardıcıl 2 il Avroliqanın qrup mərhələsinə vəsiqə qazanmasına görə idi. Üçüncü "diviziya"da Polşa kimi daha reytinqli ölkələr təmsil olunur. Reytinqə əsasən, burada klub sayı müəyyənləşib. Dördüncü "diviziya"da 1 klubla təmsil olunurduqsa, indi bu rəqəm ikidir. Ən son - 23-cü toplantıda "Qarabağ"la "Qəbələ" səsvermə hüququ aldı, "Neftçi" isə assosiativ üzv kimi orada təmsil olundu.
- Son toplantıda İşçi Qrupunun katibi seçildiz.
- ECA-da İşçi Qruplarının yaradılmasına 2017-ci ildən başlanılıb. Hazırda onların sayı 4-dür. Hər Qrup öz sahəsi üzrə təkliflər paketini hazırlayıb, ECA-ya təqdim edir. Biz sırf təşkilatçılıq məsələləri ilə məşğuluq. 2017-ci ildə namizədliyimi irəli sürməklə bağlı şans yarandı. Klubumuzun rəhbərliyi bu fikri dəstəklədi, mən də namizədliyimi verdim və seçildim. Onda seçki 2 illik idi. Həmin seçkilərdə Avropa Klublar Assosiasiyasının prezidenti postuna "Yuventus"dan Anyeli gəldi. Bu dəfə ECA həm loqosunu, həm devizini dəyişdi, həm də qərara aldı ki, seçkilər dörd ildən bir keçirilsin. Kəmiyyətə yox, keyfiyyətin artırılmasına diqqət etdilər. Qurumun ümumilikdə 500-dən artıq üzvü var və şərt qoyuldu ki, İşçi Qrupuna ühv seçilmək istəyənlər müxtəlif tələblərə cavab verməlidir. Məsələn, klubda bəlli bir müddət çalışmalısan, bəzi ekstra təkliflər irəli sürməlisən. Şərtləri yerinə yetirdiyimiz üçün bizim namizədliyimizi qəbul etdilər. Son sesvermədə Anyeli yenidən prezident seçildi və bizim də namizədliyimizin təsdiqləndiyini bildirdilər. "Düdelanj"la oyun günü ECA-dan məktəb gəldi ki, sizi təbrik edirik, komitə üzvü seçildiz. Əvvəlki İşçi Qrupunun sədri "Real"dan Emilyo Butreqinyo idi. İndi yeni sədr "Milan"ın baş direktoru İvan Qazidisdir. Orqanın üzvlərinin sayını 40 nəfərdən 20-yə salıblar.
- Əvvəlki heyətdən hazırda neçə nəfər qalıb?
- Cəmi 3 nəfər. Dortmund "Borussiya"sının direktoru, "Brügge"nin nümayəndəsi, bir də mən. Yeni siyahıya baxarkən görünür ki, namizədlərin hər biri diqqətlə incələnib və klublarında gördükləri işlər əsas götürülüb. Söhbət məndən getmir, Azərbaycanımızın orda təmsil olunmasının özü az bir şey deyil. İşçi Qrupu il ərzində bir neçə yığışacaq, "Qarabağ" və Azərbaycan söhbəti hər dəfə gedəcək. Hər ölkəni ilk gördüyün adamla tanıyırsan. Əgər birinci dəfə məni görürlərsə, Azərbaycan adı çəkəndə, həmin sima mən olacam onlar üçün. Və sabah bizim ölkədən söz düşəndə, avtomatik mənim simam yadlarına düşəcək. Mən necəyəmsə, Azərbaycan onun gözünə elə görünəcək. Bu mənada, ilkin təəssürat çox vacibdir. Üzvlərin bir çoxuyla şəxsən tanışam. Şükür, uzun illərdir avrokuboklarda çıxış edirik və münasibət qurmaq imkanımız yaranıb. Yeni İşçi Qrupunda "Beşiktaş"ın idman direktoru Əli Naibi də yer alıb. Yaxın dostuq. Seçkidən sonra ikimiz də bir-birimizi təbrik elədik.
- İşçi Qruplarının proseslərə təsiri nə dərəcədədir?
- Məsələ İşçi Qruplarına gələndə, burada atmosfer tamamilə fərqlidir. Hər bir Qrupun öz hədəfləri, qarşısına qoyulmuş vəzifələri var. Konfrans Kubokuyla bağlı məsələni biz düz 2 ildir müzakirə edirdik. Bu, sırf bizim İşçi Qrupunun işi idi. Təkliflər müxtəlif və çox idi. İştirakçı sayı 32, yoxsa 64 olsun… Hətta Çempionlar Liqasının reqlamentinə toxunmaq məsələsi gündəmə gəlmişdi. Yalnız sonrakı mərhələdə Çempionlar Liqasının olduğu kimi saxlanılması və yalnız Avropa Liqasının iki yerə bölünməsi məsələsi aktivləşdi. Qrupda müzakirə olunanlar, təbii ki, məxfi qalması lazım məsələlər idi. Hətta ən yaxınlarıma belə, bu işin detalları barədə məlumat verə bilməzdim. Çünki hələ dəqiqləşməyən məqamlar varıydı. Məsələn, Avropa Liqası-2 deyilən yeni yarışa verilə biləcək 3 ad müzakirə olunurdu. Turnirin adı həm də maliyyə ilə bağlı olduğundan, bu müzakirələrdə dijər İşçi Qrupunun üzvləri də iştirak edirdi. Onlar da hansı adın daha çox maliyyə gətirəcəyinə baxırdılar. Turnirin nə vaxt başlaması, hansı reqlamentlə keçirilməsi məsələləri isə sırf bizə aid idi. Kənardan baxanlara futbol klublarının işi çox rahat görünür. Amma mahiyyətinə baxanda, sənə aydın olur ki, burada nə qədər dolaşıq və üst-üstə düşən nüanslar var. Birini deyim. Klubların ölkə çempionatı bitir, millinin oyunları başlayır. Millinin oyunları bitir, klubların beynəlxalq turnirləri başlayır. Yəni ki, hamısı bir-birinin ardınca gəlir, fasilə az olur. Halbuki futbolçuların istirahət etmək hüququ var. İngiltərədə qanun var ki, futbolçu beynəlxalq yarışdan gələndən sonra 3 həftə istirahət etməlidir. Məhəmməd Salah Misir yığmasıyla Afrika Millətlər Liqasında iştirak edəndən sonra "Liverpul"un heyətində ilk oyunları buraxır. Bir çox belə futbolçu var. Halbuki hamısı milyardlıq, milyonluq ulduzlardır və klublar onların yoxluğunda nə qədər ziyan çəkir. Qrup üzvləri, adətən, öz ölkələrinin və təmsil etdikləri klubların mövqelərindən, mənafelərindən çıxış edir.
- Konfrans Liqasının təşkilinə dair qərar heç də birmənalı qarşılanmadı. İşçi Qrupunun üzvü olaraq sizin bu yarışla bağlı mövqeyiniz necədir?
- Biz və üçüncü kateqoriyaya aid ölkələrin klublarının İşçi Qrupundakı üzvləri çalışdıq ki, daha çox Avropa Liqasında olaq. Burada əsas maliyyə bölgüsüdür. Ona görə də bizim kimi ölkələr avrokuboklara Konfrans Liqasıyla başlamaq məcburiyyətindədir. Yaxşı ki, "ölkə çempionu olan komandalar Çempionlar Liqasında iştirak etməlidir" sözünü yeni sənəddə qeyd etdirə bildik. Çalışdıq ki, Çempionlar Liqasına toxunulmasın. Çünki reytinqdə və püşkatmada Çempionlar yolu artıq fərqli yoldur. Bu, 2021-2024-cü illər aralığırnda belə davam edəcək. 2024-2027-ci illər üçün müzakirələr isə bir müddət sonra başlayacaq.
- Sizcə, Konfrans Liqasının Azərbaycan futboluna nə kimi müsbət və ya mənfi təsirləri ola bilər?
- Biz maksimum çalışdıq ki, yeni yaradılan turnir Avropa Liqasından elə də fərqlənməsin. İkisinin də standartı eyni olacaq. Yəni, iki yarış da eyni gündə, təxminən eyni saatda oynanılacaq. Hələlik bircə məsələ açıq qalıb - klubların Konfrans Liqasından nə qədər vəsait əldə edəcəyi. Bu da ilin sonuna, uzağı, gələn ilin yanvar-fevral aylarınadək açıqlanmalıdır.
- Necə düşünürsüz, yeni yarışma nə qədər cəlbedici olacaq?
- Turnirin səviyyəsi klubların götürəcəyi gəlirdən bilinəcək. ECA çalışdı ki, burada mübarizə aparacaq komandalar Avroliqadakılardan az qazanmasın, ən azından, gəlirlər bir-birinə yaxın olsun. Hədəf odur ki, Konfrans Liqası illər kecdikcə dəyərini saxlasın və İntertoto Kuboku kimi tarixə qovuşmasın. Bu da əsasən sponsorlardan asılıdır. Çünki teleyayım və bir sıra digər məsələlər var. Konfrans Liqasının elit səviyyədə təşkili üçün hazırda çox gərgin iş aparılır.
- Azərbaycan çempionu ÇL-in seçmə mərhələsində mübarizəni dayandırsa, çıxışını Avropa Liqasında davam etdirə biləcək?
- Bəli. Yeni turnirin müsbət tərəfləri çoxdur. Deyim ki, bundan sonra klublar daha çox avrokubok təcrübəsi qazanacaq. Avroliqanın qrupunda üçüncü yer tutanlar gələcək Konfrans Liqasına. Ümumiyyətlə, bu yarışa münasibətin kifayət qədər müxtəlif olduğunu deyərdim. Elələri varıydı, deyirdi ki, bizim ölkəyə tanınmış komanda gəlsin. Eləsi də varıydı, sırf hədəflər uğrunda mübarizə aparmaq istədiklərini deyirdi. Söyləyirdilər ki, məqsədimiz çoxlu oyun keçirmək, azarkeşlərimizi sevindirməkdir. Açığı, pul tərəfini fikirləşənlər daha çox üstünlük təşkil edirdi. Aydındır, hamı çoxlu pul qazanmaq istəyir. Amma çoxlu iştirakçıyla o qədər qazanmaq olmur. Məlum bir mükafat fondu var, onu aşmaq qeyri-mümkündür, qazanılan nəticələrə əsasən bölünməlidir. Burada UEFA-nın həll edə bilmədiyi məsələlər də mövcuddur. Hansı ki, gedib FİFA-ya çıxır. Bu il Afrika Millətlər Liqasını elə vaxta salmışdılar ki, klubların hamısı həddindən artıq narazı qalmışdı. Çünki Afrikanın əksər milli komandalarının futbolçuları Avropada çıxış edir. Afrika Millətlər Liqası çox namünasib bir vaxta salındığından, futbolçuların istirahət hüququ pozulurdu.
- Azərbaycan-UEFA münasibətləri perspektivdə nə vəd edir?
- İstəyirəm ki, Azərbaycan klubları ECA-nın İşçi Qruplarında daha çox şəxslə təmsil olunsun. Arzulayıram ki, UEFA reytinqində ikinci "diviziya"ya yüksələk, səsvermə hüququmuz ikidən dördə qalxsın. Təki Avropa klublar ailəsinin içində çox olaq! Necə ki, qardaş dediyimiz Türkiyədən orada "Qalatasaray", "Beşiktaş" və "Fənərbaxça" yer alır. İşin UEFA tərəfi başqadır. AFFA-nın baş katibi Elxan Məmmədov UEFA-da komitə sədridir. Düşünürəm ki, Azərbaycan UEFA-da normal təmsil olunur. Son vaxtlar UEFA-nın Azərbaycan futboluna münasibətdə müsbət dəyişiklər müşahidə edirəm. Bu da, yəqin ki, görülən işlərin nəticəsidir.