Rekord.az Azərbaycan millisinin baş məşqçisi vəzifəsinə təyinatı gözlənilən italiyalı Canni de Byazinin müsahibəsini təqdim edir:

 

- Sizi artıq Azərbaycan millisinə baş məşqçi təyinatınızla bağlı təbrik etmək olar?

- Əlbəttə, məni təbrik edə bilərsiniz. Ümid edirəm ki, işim uğurlu alınacaq.

- Bir müddət öncə İtaliyada olmadığınızı demişdiniz. Hər kəs Bakıya gəldiyinizi düşünürdü. Maraqlıdır, hazırda haradasınız?

- İndi İtaliyadayam.

- Bakıya nə vaxt gələcəksiniz?

- Ola bilər ki, avqustun ilk günlərində ölkənizdə olum.

- İtaliya mətbuatında Benni Karbone və Klaudio Beluççinin köməkçiniz olacağı yazılıb...

- Bəli, doğru məlumatdır.

- Bəs Ansi Aqolli?

- İndiki halda bu, mümkün deyil. Çünki klubu ilə müqaviləsi var.

- Gələcəkdə bu istəyiniz reallaşa bilər?

- Bəli, Aqollini məşqçilər korpusunda görmək istərdim.

- Mətbuatda Azərbaycan millisindəki 1,5 il müddətində məvacibinizin 900 000 avro olacağı ilə bağlı xəbərlər yayılıb. Hətta əlavə mükafat alacağınız da vurğulanıb. Bu, nə dərəcədə doğrudur?

- Bu, həqiqət deyil. Bilirsiniz mənim üçün ən vacib olan nədir? Azərbaycana pul üçün gəlmirəm. Ölkə futbolu üçün vacib işlər görmək istəyirəm.

- UEFA Millətlər Liqasında şansları necə qiymətləndirirsiniz?

- Qrupdan çıxmaq bir çox amillərə əsaslanır. Qrupda ilk pilləni tutmaq üçün əlimizdən gələn hər şeyi edəcəyik (Report).