Canni De Byazi: “Bizim üçün yaxşı test oldu”
- 05 Sen 2020 23:18
- 829
Futbol üzrə Azərbaycan yığmasının baş məşqçisi Canni De Byazi UEFA Millətlər Liqasının 1-ci turu çərçivəsində Lüksemburqa qarşı keçirdikləri oyunu şərh edib.
Futbolinfo.az xəbər verir ki, italyan mütəxəssis 1:2 hesablı məğlubiyyətlə üzləşdikləri oyundan sonra təşkil olunmuş mətbuat konfransında bunları söyləyib:
- Oyunun ilk 10 dəqiqəsində yaxşı oynamadıq. Yavaş-yavaş özümüzə gəlirdik ki, qırmızı vərəqə aldıq. Oyunun yarısından çoxunu azlıqda keçirdik. Mövsümün əvvəlidir və futbolçuların fiziki durumu yaxşı deyil. İkinci hissədə də səhvlərdən qol buraxdıq və futbolçuların fiziki hazırlığı yaxşı olmadığı üçün yorulmağa başladılar. Lüksemburq güclü komandadır, artıq hazır mexanizmləri var və futbolçuları da Avropada oynayır. Bizim üçün yaxşı test oldu. 12 məşqdən sonra nəsə demək çətin olar. Oynayan futbolçulara təşəkkür edirəm, 26-cı dəqiqədən sonra 10 nəfərlə oynamaq çətindir. İnkişafımızı davam etdirməliyik.
- Qırmızı vərəqə, avtoqol, penalti və zəif oyun. Komandada gələcəylə bağlı müsbət məqam gördüzmü?
- Bəli, görürəm. Bir oyuna neqativ nələr ola bilərsə, bu gün onların hamısı baş verdi. İkinci hissədə oyuna daha yaxşı başlamağı gözləyirdim, amma avtoqol və penalti sözünü dedi.
- Bu Millətlər Liqasına daha çox əhəmiyyət veririk. Ola bilməzmi ki, bu turnirə AÇ-nin seçmə mərhələsinə hazırlıq kimi yanaşaq?
- Fikirləşirəm ki, hər oyundan, turnirdən maksimum istifadə etməliyik ki, daha güclü olaq. Bu gün komandada istək gördüm. Geri ötürmələri çox etdik, mən bu tapşırığı verməmişdim. Çox güclü komandaya qarşı oynadıq.
- Əvəzetmələrdən bir şey başa düşmədik. Ramilin tez əvəzlənməsi, bir il oynamayan Arazın, yığma təcrübəsi zəif olan Adilin oyuna girməsini necə izah edə bilərsiz?
- Komandanı yaxşı tanıyıram. Ramil fikrimcə, hər şeyi etdi. Daha yorulmuşdu və əvəzlədim. Araza gəlincə, bizə fiziki baxımdan güclü olan futbolçu lazım idi və ona görə meydana buraxdım. Lüksemburq iki hücumçuyla oynamağa başladı və Adili də saldım ki, üç mərkəz müdafiəçisi olsun. Hamı səhv edə bilər, bu olmazsa, heç kim irəli gedə bilməz.
- Bu gün meydanda futbol görmədik. Daha əvvəl bərbad oyunlardan sonra ya AFFA rəhbərliyini, ya baş məşqçini günahlandırırlar. Bu gün günah kimdədir?
- Səhv hər zaman baş məşqçidədir. Günahkar var, rahat ola bilərsiz.
- Futbolçularda oyunun əvvəlində və fasilədən sonra psixoloji problem yaşanır. Buna bir məlhəm tapa bilmədizmi?
- Oyuna yaxşı başlamadıq. Ortanı bağlayıb, rəqibin futbolçularını cinahlara yönəltməyə çalışdıq. Əks hücuma getmək asan deyildi, futbolçulara daha çox topla oynamağı tapşırırdım. Təmkin və Namiqdən daha çox əks hücuma çıxmalarını gözləyirdim. Üç mərkəz müdafiəçisiylə bizə daha rahat olacağını gözləyirdik, amma olmadı.
- Komandanın vəziyyətini gördüz, futbolçularda milli ruh yoxdur. Bu gedişlə fiasko gözlənilirmi?
- Futbolçulardan və komandanın oyunundan razı qaldım. Futbolçular meydanda hər şeylərini qoydular. Uzun fasilədən gəlmişik və oyunçuların çoxu fiziki baxımdan normada deyil. Standart vəziyyətlərdə səhvlərimiz olmadı. Rəqibin təzyiqinə görə uzun ötürmələrlə oynamağa çalışırdıq. Get-gedə daha güclü olmalıyıq.
- İlk görüşdən sonra komandanın potensialı yer aldığımız qrupda nəyə ümid etməyə imkan verir?
- İndi nəsə demək çətindir. Ağır və qeyri-adi situasiyadayıq. Bizdə texniki baxımdan yaxşı futbolçular var. Optimist olmalı, futbolçuları inandırmağa çalışmalıyıq. Komanda uduzanda ilk günahkar mənəm.
- Rəqibin baş məşqçisi Azərbaycanın əvvəllər ispan stili oynadığını, ancaq indiki futbol fəlsəfəsindən bir şey başa düşmədiyini dedi. Bunu necə başa düşmək olar?
- Hər bir insanın öz fikri var. Mən şəxsən heç vaxt heç kim haqda danışmıram, ancaq öz komandam haqda düşünürəm. Yəqin rəqib baş məşqçi qələbə üçün çox sevinir və bu sözləri deyir.
- Komandanın fiziki hazırlığından şikayətçisiz. Sizcə, ötən mövsümkü çempionatın erkən dayandırılmasının təsiridirmi?
- Təbii ki, çempionatların erkən dayanması milliyə təsir edib. Başqa millilərin məşqçiləriylə də danışıram və hamı da bundan narahatdır. Ümid edirəm ki, bu situasiya tez bitər.
- Erkən qırmızı vərəqə alaraq meydandan qovulan və komandasını çətin vəziyyətdə qoyan bir futbolçuya baş məşqçi gələcəkdə necə güvənəcək?
- Fikrimcə, Emreli yaxşı uşaqdır və yaxşı oyun keyfiyyətləri var. Böyük səhv etdiyini hamımız bilirik. O, etdiyi hərəkətlə rəqibdən çox bizə zərər verdi. Ümid edirəm ki, futbolçular gələcəkdə belə şey etməzlər.
- Azərbaycan himnini oxuduğunuz deyilir. Himni öyrənirsizmi?
- Çalışacam ki, tam öyrənim. İndi Azərbaycan, Azərbaycan hissəsini öyrənmişəm. Himnin sözləri və musiqisi çox xoşuma gəlir. Sizlərdən biri olmaq, sizə daha yaxın olmaq istəyirəm. Diliniz çox çətindir, ancaq çalışacam ki, öyrənim. (komanda.az)