Futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazi UEFA Millətlər Liqasının ilk turu çərçivəsində Lüksemburqa qarşı keçirəcəkləri oyundan öncə fikirlərini bölüşüb.

Rekord.az xəbər verir ki, italyan mütəxəssis bu gün baş tutan mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Siz də uzun müddətdir böyük futboldan uzaq qalmışdız, milli komandamız da. Siz daha hazırsız, yoxsa yığmamız? 
- Mən çox sakitəm. Heç bir problem ola bilməz. Futboldan bir müddət kənar qalsam da, yenidən işə başlayanda hər şeyimi verirəm. Futbolsuz qalanda çox darıxıram. İndi mənim üçün yeni bir çağırış var. Dekabrda A Seriyasından təklif almışdım, ancaq rədd cavabı verdim və mənə görə Azərbaycanın təklifi daha maraqlı oldu. Təbii ki, futbolçular üçün də futbolsuz qalmaq çətindir. Arzu edirəm ki, tezliklə bu qəribə situasiya bitəcək və işimizə rahat davam edə biləcəyik.

- Toplanışdan əvvəl yığmadan gözləntiləriniz nə idi və bir həftəlik məşqdən sonra nə kimi fərqlər gördüz? 
- Deyə bilmərəm ki, çox işləmişik. Biz bütün millilər kimi normal ritmdə çalışmışıq. 26 gün əvvəl Azərbaycana gəlmişəm və köməkçilərimlə demək olar gündə 18 saat çalışıb, futbolçuları tanımağa çalışmışıq. Bu 9 gündə cəmi 12 məşqimiz olub. Bu gün də kiçik məşqimiz olacaq. Çalışmışıq ki, futbolçuları inandıraq və başa salaq ki, nəyəsə nail olmaq üçün çalışmaq lazımdır.

- Lüksemburqu turnirdə sürpriz edəcək komanda kimi görürsüz?
- Biz qrupda reytinqə görə 4-cü komandayıq. Lüksemburq son illərdə yaxşı inkişaf edib, onlara hörmət edirik. Amma unutmayaq ki, bizim də yaxşı futbolçularımız var və sabah qələbə qazanmağa çalışacağıq.

- Heyətə 6 ay oynamayan futbolçuları dəvət etmisiz. Onlar komandaya nə kimi kömək edə bilər?
- Mən 26 gündür Bakıya gəlmişəm. Köməkçilərimlə 2 aydan çoxdur bütün Azərbaycan millisini və futbolçuları analiz etmişik. İndi kimin oynayıb-oynamaması mənə maraqlı deyil. Mənə lazım idi ki, çağırdığım futbolçuların istəklərini, onların nəyə qadir olduğunu görüm.

- Elvin Bədəlovu harda görüb bəyənmisiz?
- "Sumqayıt" - "Keşlə" oyununda, 0:1 hesabıyla bitən.

- Özünüzdən əvvəl burada çalışan baş məşqçiləri təhlil edib, onların nə səhvlər etdiyini öyrənmisizmi, yoxsa bu, sizə maraqlı deyil?
- Təbii ki, gəlməzdən əvvəl Azərbaycanın bütün oyunlarına baxmışam. Mənim də öz ideyam var və təəssüflər olsun ki, vaxtımız azdır. Sabah bizim üçün əsas olan nəticədir. Buna uyğun da çalışmışıq, oyuna hazırıq. Məşqçi ancaq qələbə qazananda özünü sevə bilər. Bunun da yolunu bilirəm və güclü komanda yaratmalıyıq. Elə oyunçular lazımdır ki, futbolçular meydanda komandası, komanda yoldaşları üçün ölməyə hazır olsun. Məqsədimiz qrupda ilk sıranı tutmaqdır.

- Bir müddətdir məşq keçirsiz, konkret 3 məqam deyə bilərsizmi ki, bunları düzəltməliyik?
- Mentalilet, taktiki baxımdan irəliləyiş və başa düşmək lazımdır ki, bir şeyi çox istəyirsənsə, məqsədinə doğru irəliləməlisən.

- Azərbaycan millisi 5 gündə 2 oyun keçirə bilmir. Bu problemi necə aradan qaldıracaqdır?
- UEFA-ya deyəcəyik ki, bizə 5 gündə 2 oyun verməsin (gülür). Məncə, fiziki baxımdan yox, əvvəlcə mentalitet baxımından problemimiz var. Hamı 5 günə 2 oyun keçirir. Biz dəyişməliyik, böyük məqsədimiz olsa və bu yöndə getsək, bunu bacararıq. Ancaq vacib şey var ki, ilk oyunda qələbə qazansaq, psixoloji baxımdan daha yaxşı olacağıq. (komanda.az)