Qazaxıstanın sərbəst güləş üzrə yığması aprelin 18-dən ölkəmizdədir.

Rekord.az xəbər verir ki, qonaq komanda millimizlə birgə Olimpiya Güləş Mərkəzində təlim-məşq toplanışı keçir.

Qazaxıstan yığmasının baş məşqçisi Əsət Serikbayev Azərbaycan Güləş Federasiyasının rəsmi saytına açıqlama verib. O, Bakıdakı hazırlıq prosesindən danışıb:

“Azərbaycana 16 nəfərlik heyətlə gəlmişik. İki ölkənin komandasının birgə təlim-məşq toplanışının faydalı olacağını düşünürəm. Müsbət və mənfi tərəfləri, çatışmazlıqları görmək üçün bu hazırlıq prosesi çox vacibdir. İlk dəfə deyil ki, Bakıya gəlirik. Bu toplanış Dünya Olimpiya Təsnifat turnirinə hazırlıq xarakteri daşıyır. Lisenziya yarışında bir güləşçi ilə təmsil olunacağıq. 86 kq-da Tokio Olimpiadasına vəsiqə qazanacağımızı düşünürəm.

Digər güləşçilərimiz mayın 9-dək burada məşqləri davam etdirəcək. Daha öncə də Olimpiya Güləş Mərkəzində təlim-məşq toplanışı keçmişik. Burada yaradılan şərait, infrastruktur, qidalanma - hər şey bizi tam qane edir”.