Cavan prezident Xocalını dünyaya tanıtmaq istəyir FOTOLAR
- 24 İyn 2020 17:00
- 1709
Bir müddət bundan qabaq saytımızda yeni yaranan Xocalı klubu haqda məlumat vermişdik. Bildirmişdik ki, uşaq futbolu üzrə ixtisaslaşan yeni klub artıq Bakının dörd hissəsində bölmələrini də açıb. Rəhbərlik Ana abidəsi önündə klubun təqdimatını da keçirmişdi. Təbii ki, bu cür klubların yaranması çox xoş haldır. Tək ona görə yox ki, yatırım, diqqət uşaq frutboluna yönəldilir. İş ondadır ki, Qarabağ bizim həssas yerimizdir və o bölgəni təmsil edən istənilən rayonun, şəhərin futbolda təmsil olunması ikiqat vacibdir. “Qarabağ” nümunəsi və onun Avropada Azərbaycanı həm də siyasi baxımdan təmsil etməsi ölkəmizə kifayət qədər müsbət dvident qazandırdı. Amma tək “Qarabağ”la iş aşmır. Gərək işğal altında olan digər bölgələrimiz də Ağdam təmsilçisinin arxasınca getsin.
Düzdür, zaman-zaman, Şuşa, Qubadlı, Laçın, Cəbrayıl, Füzuli təmsilçiləri buna cəhd etsələr də maddi dəstək olmadığından heç biri çox yaşamadı və tarixin yaddaşına qovuşdu. Elə Xocalı özü də bir vaxtlar mövcud olub. 2000-01-ci il mövsümündə “Qarabağ”dan ayrılan rəhmətlik Adil Nadirov “Qarabağ-Xocalı” adlı komanda yaratdı. Sabir Əliyevin rəhbərlik etdiyi komanda Həvəskarlar Liqasının Şimal zonasında uğurla çıxış edərək növbəti mərhələyə vəsiqə qazanmışdı. Lakin təəssüf ki, o vaxtkı Xocalı rəhbərliyindən və eləcə də imkanlı iş adamlarından dəstək gəlmədiyi üçün komanda fəaliyyətini dayandırmalı olmuşdu. Çox ümid edirik ki, bu dəfəki Xocalı komandası sələfinin aqibətini yaşamayacaq. Elə klubun təsisçisi və prezidenti İlkin Hacıyev də buna çox ümid edir. Onunla görüşüb söhbətləşməkdə məqsədimiz Xocalının hansı zərurətdən yaranması və gələcək planları ilə bağlı oldu.
“2019 noyabr ayında yarandı. Klubumuz tam qanuni fəaliyyət göstərir. Bütün sənədlər, qeydiyyat, vergi və sosial. Təqdimat Ana harayı abidəsi önündə oldu, mətbuat nümayəndələri, tv-lər, futbol ictimaiyyətinin nümayəndələri iştirak etdi. Ayxan Abbasov, Aftandil Hacıyev, Vasif Haqverdiyev, Ağasəlim Mircavadov, Şahin Diniyev. Məqsəd uşaq futbolunun inkişafı, sağlam rəqabət, ali məqsəd isə Xocalı adını beynəlxalq aləmdə tanıtmaqdı. Çox istərdim ki, U-19 liqasında qalib olub Avropada oynayaq. Ən azı bunu etsəm, bilərəm ki, Xocalı üçün nə isə etmişəm. Çünki bu adın məsuliyyəti böyükdür və istəyirəm ki, tək mən yox, klubumuzda çalışan məşqçilər, burda oynayan uşaqlar, onların valideynləri də bu məsuliyyəti başa düşsünlər”.
Həmsöhbətimiz klubun fəaliyyəti və bu günə qədər görülən işlərlə bağlı da məlumat verdi: “Gələcəklə bağlı böyük layihələrimiz var idi. Lakin təəssüf ki, pandemiya səbəbindən həmin layihələri yarımçıq saxlamalı olmuşuq. İnanıram ki, dövlətimiz də, xalqımız da qısa zamanda bu sınaqdan üzüaö çıxacaq və yenə hamımız normal həyatımıza dönəcəyik. Layihələrimiz uzunmüddətlidir və hamısı dinamik layihələr olacaq. Hazırda isə fəaliyyətimiz sırf uşaqlarla bağlıdır. Klubumuzda 3-13 yaş arası uşaqlar futbolla məşğul olur. 3-6 yaş qrupu təbii ki, daha çox əyləncə xarakteri daşıyır. 3 yaşdan uşaqları ona görə seçirik ki, 6 yaşına kimi, yəni məktəb yaşına kimi kollektiv ab-havaya öyrənsinlər, bir növü 1-ci sinifə hazırlıqlı getsinlər. O zaman inkişafları daha yaxşı olar. Hər halda, biz bu cür düşünürük. Digər yaş qrupuna gəlincə, 13 yaşlı uşaqları qəbul edib 19 yaşa kimi onlarla sırf özümüz məşğul olmaq istəyirik. Yəni bu uşaqlar 6 il klubun nəzarətində olacaq və U-19 liqasına tamamilə öz yetirmələrimizdən təşkil olunmuş komanda ilə qatılacağıq”.
İlkin bəyin sözlərinə görə, klub hazırda Bakının 4 yerində fəaliyyət göstərir: Bakıxanov, Xırdalan, Masazır və Gənclik: “Hələlik Bakıxanov filialımızın fəaliyyətinə ara vermişik, lakin qısa zamanda ora da bərpa olunacaq. Xırdalanda “Kristal Abşeron”da, Masazırda “Bank Respublika Arena”da, Gənclikdə isə Respublika stadionun arxasındakı meydançada qruplarımız var. Hər zaman çalışmışıq ki, az iş görsək belə, həmin işin keyfiyyəti yüksək olsun. Heç vaxt da ağlıma gətirməmişəm ki, Xocalı adından sui istifadə edim. Ona görə məşq etdiyimiz məkanların rəhbərliyinə də bir dəfə ağız açmamışam ki, adımıza görə bizə güzəşt etsinlər. Edənlər də sağ olsun, etməyənlər də. Bugünkü gündə bizə məşq üçün yer verirlərsə, bunun özü böyük şeydi. Dörd fərqli məkanı ona görə seçmişik, deyək ki, Bakıxanovda yaşayan uşaq ordan Masazıra gəlməsin. Həm yol uzaqdı, həm də yolda itirilən vaxt, enerji uşağın dərslərinə mane ola bilər. Ümumiyyətlə, gələcək planlarımızda klub üçün nəqliyyat alınması da var. Həmin nəqliyyatla uşaqları tam təhlükəsiz şəkildə evdən məşqə, məşqdən isə evə aparacağıq”.
Hacıyevlə söhbət zamanı məlum oldu ki, bu günə qədər və bugünün özündə də klub üçün çəkilən bütün xərcləri o, tək qarşılayır. Eyni zamanda iş adamı kimi, ölkə başçısının tövsiyyələrinə də tam əməl edərək, pandemiya dövründə bir işçisini belə, ixtisara salmayıb.
Ondan Xocalının icra başçısı və bu rayondan olan deputatların komandaya hansısa formada dəstək ollub-olmadığını da soruşduq: “Komandanin təqdimatına Xocalıdan olan deputatı dəvət etmişdik. Lakin gəlmədi. Ola bilsin, vacib işi olub və bunu anlayışla qarşılayıram. İcra başçısına gəlincə, onunla bir dəfə Nərimanov metrosu yaxınlığında görüşümüz baş tutdu və 1 saat yaxın söhbətimiz oldu. Məndən soruşdu ki, nə istəyirsən? Bir dəfə də olsun pul adı çəkmədim. İstəmədim elə başa düşsün ki, ondan pul almaq üçün görüşə çağırmışam. Sadəcə, tək istəyim komandanı diqqətdə saxlamaq, maraqlanmaq və imkan daxilində tədbirlərimizdə iştirak etmək idi. Çünki Xocalı hamımızın komandasıdır və məhz bu adın dünyada tanınması hamımız üçün önəmli olmalıdır. Şəxsən mən xocalıdan deyiləm, zəngilanlıyam. Amma bu adı yaşatmağı özümün vətəndaşlıq borcu hesab edirəm”.
Anar XANLAROV