Cavid Hüseynov: "Meydandakı bir komandanı sındırmaq düzgün deyil" MÜSAHİBƏ
- 09 Fev 2020 11:00
- 832
"Oyun gözlənilən idi, "Sumqayıt"a qarşı oynayırdıq. Sadəcə olaraq qələbə istəyirdik. Amma alınmadı".
Rekord.az xəbər verir ki bu fikirləri "Zirə"nin kapitanı Cavid Hüseynov Premyer Liqanın XVI turunda səfərdə "Sumqayıt"a 1:2 hesabı ilə uduzduqları oyundan sonra jurnalistlərə açıqlamasında deyib.
32 yaşlı yarımmüdafiəçi qırmızı vərəqə alan komanda yoldaşları İlkin Muradov və Ağabala Ramanazov barədə də danışıb: "Birinci qırnızı vərəqəyə kimi normal və sakit oyun gedirdi. Amma azlıqda qalmaq çox təsir edir. İstəmirdik ki, belə olsun. Meydanda iki yaxşı komanda var idi. Sadəcə olaraq birin sındırmaq düzgün deyil".
Hüseynov ilk qırmızı vərəqənin ədalətsiz qərar olduğunu söyləyib: "Epizod mənim gözümün qabağında idi. Həqiqəti demək lazımdır. Səhv eləmirəmsə, həmin epizodda İlkin Muradov Əmir Ağayevlə mübarizə aparırdı. Ağayev əllə oynadı, nə oldusa, sonradan oldu. Gözləyirdim ki, əlinə dəydiyi üçün bizim lehimizə qərar veriləcək. Amma əksinə oldu, ikinci sarı və oyunçumuz qırmızı vərəqə aldı. Ağabala Ramazanovun epizodunda isə deyiləcək bir söz yoxdur. Vurdu, əsəbləşdiyi üçün etdi. 1:2 hesabı ilə uduzuruq, külək də bizə qarşıdır. Gərginliyin olması normaldır. Hər bir şey sənin əksinə gedir. Əsəbləşir və qıcıqlanırsan".
Təcrübəli oyunçu bildirib ki, "Sabah"la oyundan sonra hamı "Zirə" haqqında başqa düşüncələrə sahib idi: "Hamı düşünürdü ki, "Zirə" gəlir. Bizi daha yuxarılarda görürdülər. Oyundan sonra baş məşqçi iki dəqiqə danışdı".
Hüseynov növbəti turda qarşılaşacaqları "Qarabağ"la oyun barədə də fikirlərini bölüşüb: "Onu sabah və ya biri gün fikirləşərik. İndi çox yorulmuşuq. Dəhşət külək var idi. Topu öz meydanımızdan vururduq, geri qayıdırdı. Növbəti matçın aşkar favoriti "Qarabağ"dır" (Report).